Bakıdan Moskvaya AÇIQ MESAJ: “Bu oyunu hər iki tərəf oynaya bilər”

media-hightechnic-468x90

“Aydındır ki, Azərbaycan-Rusiya münasibətlərində ciddi geriləmə, ilk növbədə, AZAL təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulması və Moskvanın sonrakı ört-basdır cəhdləri nəticəsində baş verdi. Rusiyanın bu faciəyə münasibəti, ən azı, təkəbbürlü və həssaslıqdan uzaq idi. Azərbaycan baxımından isə bu münasibət tamamilə qəbuledilməz və qaneedici deyildi”.

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.

media-patrikuolsh1

O, son zamanlar Rusiya və Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinin səbəblərini və Kremlin rəsmi Bakının müstəqil siyasət yürütməsinə qarşı sərgilədiyi qıcıqlanmanın səbəblərini izah edib.

Analitik xatırladıb ki, bu hadisədən sonra Rusiyada azərbaycanlılara qarşı keçirilən reydlər və onların nəticəsində baş verən ölüm halları yaşandı:

“Moskva bu tədbirlərin guya cinayətkar şəbəkələrə qarşı yönəldiyini iddia etsə də, bu əməliyyatların tətbiqi və nəticəsində baş verən ölüm halları ilə bağlı ciddi suallar doğurdu. Rusiyanın bu məsələyə etinasız və tənqiddən yayınan münasibəti Bakıda rus elementlərinə qarşı qəsdən nümayişkaranə cavab reaksiyasına səbəb oldu ki, bu da açıq şəkildə “bu oyunu hər iki tərəf oynaya bilər” mesajı idi”.

P. Uolş diqqətə çatdırıb ki, həmin dövrdən etibarən Moskva və Bakı arasında münasibətlərin zəifləmiş olduğu açıq şəkildə görünür:

“Hazırkı mərhələdə bəzi pro-rusiyalı şərhçilərin fikirlərinə baxmayaraq, mən bu vəziyyəti müəyyən sərhədlər daxilində qalan bir münaqişə kimi görürəm. Amma münasibətlər daha da gərginləşərsə, Rusiya, əlbəttə ki, hazırda heç də ehtiyac duymadığı yeni bir rəqib qazanmış olacaq. Məhz buna görə düşünürəm ki, bu qarşıdurma “qaynama nöqtəsinə” çatmayacaq, sadəcə “qaynamağa yaxın” vəziyyətdə qalacaq. Hazırda nə Rusiya, nə də Azərbaycanın marağındadır ki, vəziyyət daha da kəskinləşsin”.

“Unutmaq olmaz ki, təzyiq və təsir imkanları yalnız münasibətlərin mövcudluğu fonunda effektiv işləyir. Əgər münasibətlər tamamilə pozularsa, biz artıq qarşılıqlı qovulmalar, sanksiyalar, ticarət müharibələri və bəlkə də hərbi qarşıdurma sferasına daxil olarıq. Bu mərhələdə təzyiq birbaşa ola bilər, lakin münasibətlər məhv edildiyi üçün eyni dərəcədə effektiv olmaya bilər”, – deyə o, əlavə edib.

Müsahibimizin fikrincə, Qarabağın tam azad edilməsindən sonra Azərbaycan-Rusiya münasibətlərində dəyişikliklərin olacağı qaçılmaz idi:

“Bu dəyişiklik həm də Ermənistanın Qərbə yönəlməsi və Donald Trampın mümkün qayıdışı ilə üst-üstə düşür. Biz çox dəyişkən və sürətlə dəyişən bir dünyada yaşayırıq və burada hadisələr son dərəcə gözlənilməz hal alıb. Azərbaycanın son onilliklərdə yürütdüyü balanslı xarici siyasət son dərəcə uğurlu olub. Odur ki, belə qeyri-müəyyən bir dünyada kəskin və tamamilə fərqli bir siyasi kursa doğru “qaranlıqda sıçrayış” olduqca riskli addım olardı”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600