Bakının bitməyən tıxac dərdi: AAYDA-dakı kadr islahatları tıxac problemini həll edəcəkmi?
“Yeni yolların layihələndirilməsi və təmir işləri dəqiq qrafik əsasında aparılmalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O, paytaxtda yeni salınan yollara baxmayaraq, Bakının həllini tapmayan tıxac problemindən danışıb.
Ekspert bildirib ki, tez-tez yeni yolların inşası və ya istifadəyə verilməsi barədə məlumatlar paylaşılsa da, bəzi hallarda məhz həmin yollarda ciddi tıxaclar müşahidə olunur:
“Səbəblərdən biri kadr dəyişiklikləri ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Prezident İlham Əliyevin sərəncamı ilə yeni təyinatlar olub. Bu dəyişikliklərdən sonra problemlərin daha sistemli şəkildə həll olunacağı gözlənilir, lakin bu proses müəyyən zaman tələb edir.
Digər tərəfdən, nəqliyyat sahəsində yaranan çətinliklər təkcə idarəetmə ilə bağlı deyil. Burada ümumi planlama, nəqliyyat axınının düzgün tənzimlənməsi və rentabellik məsələləri də mühüm rol oynayır. Yeni yolların layihələndirilməsi və təmir işləri dəqiq qrafik əsasında həyata keçirilməlidir.
Bu proseslər aidiyyəti qurumların daxili koordinasiyasından birbaşa asılıdır. Məsələlərin həlli ciddi və mərhələli yanaşma tələb etdiyindən, problemlərin tam aradan qaldırılması müəyyən vaxt aparacaq”, – deyə ekspert vurğulayıb.
Nəsimi Ələsgərli













