!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Qurtuluş günü qeyd olundu: “Qafqaz İslam Ordusu köməyə gəlməsəydi...” – FOTO/VİDEO

!Reklam – Yazi

Bu gün Bakının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyədən çox sayda ictimai xadim, ziyalılar, QHT və media nümayəndələri iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Azərbaycan və Türkiyə qardaşlığının qədim köklərə dayanmasından, siyasi və iqtisadi, müttəfiqlik və dostluq münasibətlərinin yüksələn xətlə gələcəkdə daha da inkişaf etdirilməsindən danışıb.

O, 1918-ci il sentyabrın 15-i Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin birləşərək Bakını erməni-bolşevik işğalından azad etməsi tarixini dərin hüzn və kədərlə yad edərək, bu tarixin yaddaşlardan silinmədiyini və silinməyəcəyini bildirib:

“Bu, istər Azərbaycan, istərsə də Türkiyə üçün həm qanlı, həm də şanlı tarixdir. Osmanlı ordusu Bakının azad olunması əməliyyatında 1130 şəhid verdi. Nuru Paşa tarixə imza atdı. Azərbaycanın paytaxtı olacaq şəhəri erməni və ruslardan azad etdi”.

Tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu qələbənin bütün Türk dünyasında əhəmiyyətli tarixi hadisə olduğunu bildirib:

“Bu qələbə Azərbaycan və Türkiyənin hər zaman birgə addım atmasının vacibliyini bir daha göstərdi. Bəziləri bu qələbəni kiçiltmək istəyir, “Nuru Paşa gəldi nə etdi?”, deyir. Qafqaz İslam Ordusu və Nuru Paşa olmasaydı, hazırda Bakı da qədim Azərbaycan şəhəri Dərbənd kimi rus əsarətində idi. Bizlər iki dövlət, bir millətik. Gələcəkdə isə bəlkə də tək millət və tək dövlət olmalıyıq”.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu isə Azərbaycanı hər zaman ata yurdu hesab etdiyini, burada öz evindəki kimi hiss etdiyini deyib:

“Azərbaycan mənim ata yurdumdur. Azərbaycanın qələbəsi Türkiyənin, Türk dünyasının qələbəsidir. Azərbaycanın kədəri bütün türklərin kədəridir. Bakının işğaldan azad olunmasının anım günü nə qədər kədərli tarix olsa da, həm də bizim qürur mənbəyimizdir. Azərbaycanın müstəqillik uğrunda atdığı addımlar digər 15 respublika üçün də ümid oldu. Qanlı Yanvar hadisələrinə görə 15 respublika Azərbaycana təşəkkür etməlidir”.

Səfər Qaraqoyunlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə də müraciət ünvanlayıb:

“Nuru Paşanın yazdığı tarixin daim yaddaşlarda olması üçün Bakıda və digər ərazilərdə abidə ucaldılması çox vacibdir. Onun adına küçə olmalı, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi, birgə yazılan tarixin gənclər tərəfindən daha da öyrənilməsi üçün turlar təşkil edilməlidir”.

Əlavə olaraq tədbirdə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, “Yeni Çağ ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Globalİnfo.az” Media Qrupunun rəhbəri Azər Ayxan, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal, “İnterpress” Media Qrupunun rəhbəri Toğrul Allahverdili, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) vitse-prezidenti Mətin Yıldırım da iştirak edib.

Nəsimi Ələsgərli

www.yenicag.az

1165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv