Manatın məzənnəsi ilə bağlı bu ilin dekabr ayının 1-də səsləndirdiyimiz fikirlərdən dərhal sonra – dekabr ayının 2-də bu mövzu mətbuat səhifələrində yenidən gündəmə gətirildi. Biz dekabrın 1-də mətbuata verdiyimiz müsahibədə, “Manata qəbir qazanların indi səsi çıxmır” kimi fikirlər səsləndirmişdik. Bu fikirləri səsləndirməyə də tam əsasımız var idi. Çünkü bu ilin noyabr ayının 1-də keçirilən parlament seçkilərindən hələ bir neçə ay öncə bəzi ekspertlər, “Parlament seçkilərindən dərhal sonra manat kəskin devalvasiyaya uğrayacaq”, “Hökumət manatı seçkilərə qədər saxlamaq üçün əlindən gələni etsə də seçkilərdən sonra vəziyyəti nizamlamaq çətin olacaq” və s kimi yersiz fikirlər dilə gətirirdilər. Lakin manatın məzənnəsində hər hansı dəyişiklik baş vermədi və həmişəki kimi “qorxulu proqnozlar” səsləndirənlər bu dəfə də pis vəsiyyətə düşdülər. Sonra nə baş verdi? Həmin o ekspertlər manatın məzənnəsinə yeni və daha “mötəbər” baxış meydana atdılar. Bu dəfə onlar “Bank of Amerika”nın manatla bağlı “gözləntiləri”ndən yararlanmaq istədilər. “Bank of Amerika”nın mütəxəssisləri deyir ki, Azərbaycan manatı ya yenidən kəskin devalvasiyaya uğramalı, ya da Mərkəzi Bank onu dərhal üzən məzənnəyə keçirməlidir. “Seçkilərdən dərhal sonra manat kəskin devalvasiyaya uğrayacaq” deyənlər “Bank of Amerika”dan verilən bu açıqlamaya söykənərək belə fikirlərə keçdilər: “Bizə inanmırsınız inanmayın, ancaq “Bank of Amerika” kimi nüfuzlu bir maliyyə mərkəzinin rəyi ilə mütləq razılaşmalısınız. Çünki bu bankın rəyi ilə hamı hesablaşır”…
İndi gəlin bu nüfuzlu bankın ortaya atdığı mülahizəyə diqqət edək. Öncə onu qeyd etmək yerinə düşər ki, “Bank of Amerika” verdiyi rəylə heç də Amerikanı yenidən kəşf etməyib. Hər kəsə bəllidir ki, liberal iqtisadi prinsiplər bütün sivil ölkələrdə olduğu kimi, bizdə də milli valyutamızın – manatın üzən məzənnəyə keçməsini zəruri edir. Lakin biz bu addımı münbit şəraitinin tam formalaşdırıldığına əmin olduqdan sonra ata bilərik. Yəni milli valyutanı birdən-birə sırf texniki qaydada üzən məzənnəyə keçirmək olmaz. Azərbaycan hökuməti də onun Mərkəzi Bankı da çox gözəl bilir ki, neftin dünya bazarlarındakı qiymətinin səviyyəsi və qonşu dövlətlərin milli valyutalarının durumu manatın məzənnəsinə təsirsiz ola bilməz. Odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı məsələnin ciddiliyini nəzərə alaraq onun bu proseslərə tam hazırlanması üçün zəruri olan bütün addımları atır. Bəli, bu addımlar hökumətə heç də ucuz başa gəlmir. Lakin hökumət burada yalnız ölkənin maliyyə mənafeyini düşünmür. Hökumət eyni zamanda manatın məzənnəsində baş verə biləcək dəyişikliyin vətəndaşlarımızın maddi durumuna, bütövlükdə iqtisadiyyata və özəl sektora ciddi təsirini lokallaşdırmağın yolları üzərində işləyir və bu səbəbdən də məsələyə həssalıqla yanaşmağa üstünlük verir. “Bank of Amerika”da heç kim düşünmür ki, Azərbaycan kimi bir ölkədə milli valyutanı birdən-birə üzən məzənnəyə keçirməyin nə kimi fəsadları ola bilər. Onlar “Böyüklər və güclülər hər kəsdən ağıllı olurlar” prinsipinə söykənərək belə fikirləri ortaya atırlar. Bu prinsipə söykənənlər 2011-ci ildə yaxın şərqdə başladıqları “demokratiya oyunları”nın hansı fəsadlar verə biləcəyini də əvvəlcədən “görə bilmədilər”… Bəs gəlin görək bu böyüklər və ağıllılar özləri necə, dünya iqtisadi məkanında baş verənlərdən dolayı yaranan çətinliklərə sinə gərə bilirlərmi? Ümumiyyətlə, hesab edirik ki, bizə ağıl öyrədən “Bank of Amerika”nı hörmətli oxucularımız bir qədər yaxından tanımalıdırlar. Bəli, nəhəng bankdır. Ancaq hesab etmirik ki, bu onlara başqalarına ağıl öyrətmək səlahiyyətləri də verir. Xüsusilə də o halda ki, bankın fəaliyyətində bir qayda olaraq qanun pozuntuları ilə müşayət olunan kifayət qədər ciddi məqamlar yer alır. Bu bank 2007-2008- ci illərdə ipoteka olayları kimi məhşurlaşmış və bütün dünyanı bürümüş maliyyə böhranın banisi hesab olunur. Bu bank həmin dövrdə ciddi pozuntularla müşayət olunan ipoteka obliqasiyaları ilə bağlı əməliyyatlar həyata keçirib. Görün bu qədər nəhəng və nüfuzlu bank hansı əməllərin altından imza atmağı özünə rəva görüb? Həmin dövrdə bankın rəhbərliyi öz əməkdaşlarına kredit götürmüş minlərlə müştərini aldatmagı tapşırmış və bu işi uğurla gördüklərinə görə həmin əməkdaşlara hər ay 500 dollar “əlavə mükafat” ödəmişdi. Müştəriləri belə “uğurla” aldadan bank nəticə etibarilə sonda minlərlə insanın mənzillərinin əlindən alınmasına nail olmuşdu. Elə bu səbəbdən də “Bank of Amerika” 2007-2008-ci illərin maliyyə böhranı dövründə ipoteka kağızları ilə aparılan əməliyyatlar zamanı yol verdiyi qanun pozuntularına görə işin məhkəməyə verilməməsi üçün keçən ilin avqustunda ABŞ-ın Ədliyyə Nazirliyi ilə 16,65 milyard dollar təzminat ödəmək haqqında razılıq əldə etmişdi. Bu vəsaitin 9,65 milyard dolları ABŞ-ın Federal hökumətinə, 7,0 milyard dolları isə kredit götürənlərin borc yükünün yüngülləşdirilməsinə sərf olunmuşdu. Belə epizodların sayını artırmaq da olar. Lakin buna lüzum duymuruq. Bu faktın özü çox mətləblərdən xəbər verir.
Fəaliyyətində ciddi qüsurlar olan maliyyə qurumları birinci dəfə deyil ki, Azərbaycan hökumətinə məsləhətlər verirlər və nə yazıq ki, onların mülahizələri bizim bəzi ekspertlərimizin dilində əzbərə çevrilir. Lakin bütün bu kimi çaşdırıcı açıqlama və istinadlar heç vaxt öz səmərəsini verməyib. Azərbaycanın öz iqtisadi inkişaf modeli var və bu modelə uyğun olaraq da milli valyutasının nə vaxt üzən məzənnəyə keçirilməsini hər kəsdən yaxşı bilir. Bizə ağıl öyrətmək lazım deyil. Ağıl öyrətməyə cəhd edən “Bank of Amerika” yaxşı olar ki, öz nüfuzunun bərpası və 2007-2008-ci il biabırçılığı nəticəsində itirdiyi etibarı bərpa etməklə məşğul olsun.
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
www.yenicag.az