"Bank Respublika"da depozit qalmaqalı: "Kredit olsa dərhal hesablayardılar" - ŞİKAYƏT
Bank Respublika ilə bağlı depozitin hesablanması və vəsaitin müştəriyə qaytarılmaması məsələsi yenidən ciddi narazılığa səbəb olub.
Yenicag.az xəbər verir ki, sosial şəbəkədə şikayətini paylaşan vətəndaş, ötən ilin dekabr ayından etibarən depozit vəsaitini geri almaq üçün banka müraciət etsə də, hər gün fərqli bəhanələrlə qarşılaşdığını iddia edir. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı Mərkəzi Banka müraciət olunsa da, problem hələ də həllini tapmayıb.
Artıq maddi və mənəvi ziyan çəkdiyini deyən vətəndaş, bankı məhkəməyə verməyə hazırlaşır. Şikayətçinin iddialarını olduğu kimi təqdim edirik:

“Dekabrın 10-dan bu günədək hər gün eyni yalanı deyirlər: ‘Hesablanır, hesablanır…’. Bir həftə öncə Mərkəzi Banka şikayət etmişəm, indi yeni yalan tapıblar. ‘Bu gün gəlin götürün’ deyirlər, artıq 5 gündür eyni sözü təkrar edirlər. Görünür, artıq Mərkəzi Bank da bu bankla bacarmır. Maraqlıdır, kredit gecikən kimi faizi anında necə hesablayırlar?
Maddi və mənəvi ziyan görmüşəm. Bu pula görə əməliyyata girməli olan adamın cərrahiyyə işi ləngiyib. Bütün həkim sənədlərim qaydasındadır. Məhkəməyə müraciət etməkdən başqa yolum qalmır”.
Yazıda adıçəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.
Yenicag.az












