“Bank Standard”ın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç beynəlxalq axtarışa verilib.
S. Kriman ölkədə olmadığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda S. Krimanın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan müxtəlif təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç. Cəlilova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun digər məlumatında isə bildirilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.
Bundan başqa, E.Quliyev S.Krimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olub və həmin məbləği S.Krimanla öz aralarında bölüb.
E. Quliyevə də Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.(APA)
www.yenicag.az