Banklar krediti niyə Bakıya 14, rayonlara 20 faizlə verir?

media-hightechnic-468x90

Statistik göstəricilərə əsasən, Bakı iqtisadi rayonu üzrə milli valyutada kreditlərin orta illik faiz dərəcəsi 14.11% təşkil edir. Lakin regionlarda bu rəqəm xeyli yüksəkdir. Belə ki, Şirvan-Salyan iqtisadi rayonunda orta faiz dərəcəsi 20.00%, Qazax-Tovuz, Quba-Xaçmaz, Mil-Muğan və digər bəzi iqtisadi rayonlarda isə 19.00% səviyyəsindədir.

Bu fərqlər onu göstərir ki, banklar regionlarda kreditləri Bakıya nisbətən daha yüksək faizlə təklif edirlər. Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, kredit üzrə faiz dərəcəsi birbaşa kredit riskinin göstəricisidir:

“Kredit riski – yəni verilmiş kreditin qaytarılmasında problemlərin yaranması ehtimalıdır. Əgər bu risk yüksəkdirsə, kreditin faiz dərəcəsi də artır. Bu, kreditvermə sisteminin əsas prinsipidir. Azərbaycanda isə, xüsusilə regionlarda kredit riski daha yüksək qiymətləndirilir”, – deyə o qeyd edib.

Ə.Həsənovun sözlərinə görə, bölgələrdə insanların gəlirləri nisbətən aşağı olduğundan və qoyulan girovu satmaq daha çətin olduğundan risklər artır:

“Əgər borcalan kreditini qaytarmırsa, bank onu məhkəməyə verməli olur. Regionlarda isə bankların daimi hüquqşünasları olmur. Bu səbəbdən, hər dəfə Bakıdan nümayəndə göndərilməlidir ki, bu da əlavə xərclərə səbəb olur. Həmçinin bölgələrdə məhkəmə prosesi də daha çox zaman və vəsait tələb edir. Bütün bu faktorlar faiz dərəcələrinin yüksəlməsinə təsir göstərir”.

Ekspert sonda əlavə edib ki, inkişaf etmiş ölkələrdə regionlar və paytaxt arasında bu qədər fərq olmur:

“Amma Azərbaycanda belədir ki, regionlar və paytaxt arasında iqtisadi inkişafda fərq böyükdür ona görə də nəticə budur”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa