“Vətəndaş banklara əlli min, yüz min məbləğində əmanət qoyanda, onlardan həmin pulun mənbəyini niyə soruşmurlar?”
Bu fikirləri bankların xarici valyutaların alışı və satışı zamanı vətəndaşlardan daha çox məlumat əldə etmək tələbinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müştərilərdən maksimum dərəcədə məlumat tələb edilməsi bankların öz seçimi deyil:
“Ümumiyyətlə, bu barədə fikrimi bir neçə dəfə ifadə etmişəm ki, banklar qanunvericiliyə uyğun qaydada müştərilərinin vəsaitlərinin mənbəyini müəyyənləşdirmək üçün onlardan hər hansı bir məlumatı istəyə bilər.
O da qeyd olunmalıdır ki, qanunda bununla bağlı tələblər minimal səviyyədədir. Eyni zamanda, qanun banklara deyir ki, siz müştərilərinizdən əlavə məlumatlar da istəyə bilərsiniz. O baxımdan, bankların müştərilərdən bu və ya başqa məlumat istəmələrində qanun pozuntusu yoxdur.
Ancaq biz hamımız başa düşürük ki, banklara müştərilərdən mümkün qədər çox məlumat istəmək barədə qeyri-rəsmi göstəriş verilib. Mən nəyə görə bu qənaətdəyəm? Əslində, müştərilərdən bu qədər çox məlumatın tələb edilməsi onları valyuta alışından çəkindirmək məqsədi daşıyır.
Əgər müştərilərdən bu qədər çox məlumat tələb edilməsi çirkli pulların “yuyulması” və başqa qanunsuz hərəkətlərin qarşısını almaqdırsa, o zaman vətəndaş banklara əlli min, yüz min məbləğində əmanət qoyanda, onlardan həmin pulun mənbəyini niyə soruşmurlar?
Bu hal onu deməyə əsas verir ki, müştərilərdən daha çox məlumatın tələb edilməsi bankların öz seçimi deyil. Aydın məsələdir ki, banklar əhalidən əmanət qəbul etməklə yanaşı, həm də valyuta satışında maraqlıdır. Çünki banklar bu əməliyyatlardan qazanırlar.
Digər tərəfdən, bu amil mütləq nəzərə alınmalıdır ki, mövcud makroiqtisadi vəziyyətdə, neftin bahalaşdığı şəraitdə manat özünü kifayət qədər rahat hiss edir. Ona görə də bu kimi məqamlar nəzərə alınmalıdır”.
A.Zeynalov
www.yenicag.az