Xalq şairi Vahid Əziz: “Öndərin qayıdışı - xilaskar gəlişiydi”
Düz 33 il əvvəl Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmaqdan xilas etdi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu günkü müstəqil, suveren, güclü Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasətin layiqli davamçısı, möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, Azərbaycan xalqını Zəfərlə müjdələdi. Bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, yenilməz fateh, Müzəffər Ali Baş Komandan kimi əbədi həkk etdirdi.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad etdi. Həmin torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Milli Qurtuluş Günü düşmən əsarətindən qurtulan, azad olan torpaqlarda da qeyd olunur.
Zəfər çalmış qalib Azərbaycanın Şərəf ordenli Xalq şairi Vahid Əziz 15 İyun – Qurtuluş günü ərəfəsində Ulu Öndər Heydər Əliyevlə bağlı fikirlərini Yenicag.az-a “Öndərin qayıdışı” şeiri ilə ifadə edib:
Öndərin qayıdışı – xilaskar gəlişiydi,
Müqəddəslər Kitabla, Öndər bayraqla gəldi.
Həmin ilin payızı bahardan fərqlənmədi,
Yeni bir təntənəylə, gözəl növraqla gəldi.
Öndərin qayıdışı son qoydu məmləkətdə
Kürsülər savaşına,
Xalqın üstünü aldı, qalandı özbaşına.
Öndərin gəlişiylə axan qanlar dayandı,
Ətalət girdabında çaşıb qalan millətim
Yuxusundan oyandı!
Öndərin gəlişiylə düşmən başa düşdü ki,
Atını oynatdığı xana o xana deyil.
“Xınası” da dəyişib – “xına o xına deyil”.
Öndərin gəlişiylə əldən düşmüş əsgərin
Qədəmləri bərkidi,
Əzabla ötən illər millətimin bəxtinə
Yazılmış bir görk idi.
Öndərin qayıdışı millətimə zülm edən
Vaxtın gözünü oydu.
Qırx dörd günlük savaşda
Çalınmış Zəfərlərin
Bünövrəsini qoydu… (Vahid Əziz)
Cəvahir













