“ABŞ-də demokratların namizədi, prezident Co Bayden öz namizədliyini geri götürmək istəmir. Orada belə qayda var ki, əgər fəaliyyətdə olan prezident özü hakimiyyətdən imtina etmirsə, partiyası onun qərarına hörmətlə yanaşır. Lakin əsas məsələ Demokratlar Partiyasının qurultayında öz həllini tapacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Oktay Qasımov səsləndirib.
Politoloq ABŞ-də bu ilin sonunda keçiriləcək prezident seçkilərində tərəflərin reytinqini və baş verən son hadisələri şərh edib.
Onun sözlərinə görə, Baydenin yaşı, sağlamlığı və yaddaşı ilə bağlı problemləri var:
“Xüsusilə, Donald Trampla onun bir müddət öncə keçirilən debatında Bayden heç də yaxşı formada olmadığını nümayiş etdirdi. Heç təsadüfi deyil ki, respondentlərin 2/3-i Donald Trampa üstünlük verdi. Xüsusilə də baş verən son sui-qəsd cəhdindən sonra Donald Trampın bundan istifadə edəcəyi və nüfuzuna divident gətirəcəyi istisna edilmir”.
Politoloq əlavə edib ki, demokratların içərisində də təbii ki, bir neçə ad hallanır, lakin Co Bayden keçirdiyi toplantıda yarışdan çəkilməyəcəyini bəyan edib:
“Artıq məsələ Demokratlar Partiyasının qurultayına qalıb. Bütün hallarda, qurultay hansı qərarı versə də, yeni namizədin seçki marafonunda qalib gəlmək imkanları çox da yüksək qiymətləndirilməyəcək. Baxmayaraq ki, orada iki ad hallanır və onlardan biri vitse-prezident Kamala Harris, digəri isə sabiq prezident Barak Obamanın arvadı Mişel Obamadır”.
O. Qasımov hesab edir ki, onların namizədliyi irəli sürülsə belə, prosesdə ciddi dəyişiklik olmayacaq:
“Çünki baş verən son sui-qəsd hadisəsi bir formada Trampın reytinqinə müsbət təsir etdi və onun əlinə oynadı. Əgər Tramp və komandası bu məsələdən effektiv şəkildə istifadə etsə, onda Trampın qalibiyyəti qaçılmaz olacaq.
Demokratların hazırkı durumu kifayət qədər ciddidir. Həm ABŞ daxilində demokratlara, o cümlədən prezident Baydenə etimad kifayət qədər aşağı düşüb, həm də 4 illik administrasiya dövründə vəd olunan məsələlərin bir çoxu həyata keçirilməyib. Bundan başqa, ABŞ-nin qlobal miqyasda baş verən proseslərdə həlledici rolunu təsdiqləyəcək hələlik bir nümunə yoxdur. Mənə elə gəlir ki, Azərbaycan və Ermənistan arasında nəyin bahasına olursa olsun sülh müqaviləsinin imzalanması təşəbbüsləri məhz seçkilərə hesablanıb ki, onlar ən azından seçkilərə əlidolu getsinlər”.
Rafi Müslümov
www.yenicag.az