“Bayden və Tramp arasında yerlə göy qədər fərq var” – Vaşinqtonu Bakıya yaxınlaşdıran SƏBƏBLƏR NƏ OLDU?
“Bayden və Tramp administrasiyası arasında yerlə göy qədər fərq var”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
Millət vəkili hazırkı ABŞ prezidenti Donald Tramp və eks-hökumət başçısı Cozef Bayden hakimiyyəti arasındakı fərqləri analiz edib.
Müsahibimiz həmçinin C. Baydenin zamanında Vaşinqtonun Azərbaycana qarşı atdığı saysız qərəzli mövqedən də danışıb:
“Bayden-Tramp administrasiyalarının Azərbaycan və ümumilikdə Cənubi Qafqazla bağlı həyata keçirdiyi xarici siyasətə nəzər saldıqda görürük ki, siyasətdə çox ciddi fərqlilik var. Bu həm də Baydenin Demokratlar partiyasına mənsub olmağından irəli gəlir. Digər tərəfdən isə Respublikaçılar partiyasını təmsil edən Donald Tramp var. Demokratların Azərbaycanla bağlı olan siyasəti daha çox Ermənistanın demokratik dövlət kimi qabardılması prinsipindən irəli gəlir. Onlar hər zaman insan hüquqları, söz azadlığı kimi yalançı demokratik dəyərləri əsas götürərək Ermənistanla bağlı bu mövqe üzərində köklənən anti-Azərbaycan bir siyasət yürüdürdülər”.
Müsahibimiz əlavə edib ki, faktiki olaraq C. Baydenin Azərbaycana olan münasibəti Ermənistana olan münasibəti üzərindən formalaşırdı:
“Bu da kökündən səhv yanaşma idi. Çünki iki dövlətdən birinə olan münasibətinin digər dövlət üzərindən köklənməsi xarici siyasət kursunda çox ciddi narazılıqlara səbəb olurdu, əsas da Azərbaycan cəmiyyəti tərəfindən. Azərbaycan və Ermənistan cəmiyyətinin demokratiyaya sadiqlik prinsipinə gəldikdə, çoxsaylı faktlar var ki, Ermənistanda demokratik dəyərlər, insan hüquqları çoxdan kobud şəkildə pozulmuşdu. Parlamentdə terror hadisəsi baş verməsi, nümayişlərdə iğtişaşlar və bu iğtişaşlarda insanların güc strukturları tərəfindən öldürülməsi kimi faktlar göz önündədir. Söz azadlığı məsələsinə gəldikdə isə jurnalistlərin fərqli düşüncəyə malik olduqları üçün həbs edilməsi, zorakılığa məruz qalması kimi məsələlər gündəmdə idi. Bunlar Ermənistan cəmiyyətinin daxilindəki vəziyyətlə bağlı bir nümunə idi”.
“Digər məsələ isə sırf Azərbaycanla bağlı idi. 30 ilə yaxın müddət ərzində qonşu ölkənin torpağını işğal altında saxlamaq, 1 milyondan çox məcburi köçkünü öz yurdlarından didərgin salmaq, işğal etdiyi ərazilərdə genosid, ekosid törətmiş bir ölkənin, eyni zamanda işğal etdikləri Azərbaycan ərazilərində tarixi irsin dağıdılması, minaların basdırılması, mövcud infrastrukturun yerlə-yeksan edilməsi, şəhərlərin yer üzündən silinməsi, eyni zamanda o ərazilərə başqa ölkələrdən gətirilmiş şəxslərin qeyri-qanuni köçürülməsi, bununla kifayətlənməyərək təmas xətti boyu ərazilərdə Azərbaycanın dinc yaşayış məskənlərinə qarşı atəşkəsi pozaraq müxtəlif növ silahlardan istifadə edilməsi kimi hallar mövcud idi”, – deyə o, əlavə edib.
Həmsöhbətimiz həmçinin Bayden administrasiyasının müharibə və post-müharibə dövründə Azərbaycana qarşı qərəzli münasibət bəsləməyə davam etdiyini də diqqətə çatdırıb:
“44 günlük müharibə vaxtı Azərbaycanın müharibədənkənar ərazilərin raket atəşinə tutulması və digər məsələləri də göz önünə gətirdikdə, Ermənistanın heç də demokratik ölkə və demokratik dəyərlərə sadiq olmadığını göstərirdi. Beynəlxalq hüququn təməl prinsiplərini, BMT-nin 4 qətnaməsini kobud şəkildə pozan, icra etməyən tərəf də onlar idi”.
Deputat qeyd edib ki, Bayden hakimiyyəti bunları görməzdən gəlməyə çalışırdı:
“Bayden hakimiyyəti bütün bu sadaladıqlarımı görməzdən gəlirdi. Azərbaycan isə bu ədalətsizliyin qurbanı tərəf olaraq haqlı olduğu, beynəlxalq hüququn Azərbaycan tərəfində olduğu halda Bayden administrasiyası qarayaxma siyasəti yürüdürdü. ABŞ Dövlət Departamentinin xətti ilə təsir rıçaqlarını işə salaraq təzyiqlər göstərirdilər. Eləcə də ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanla bağlı qərəzli hesabatlar hazırlayırdılar. Əsas ruporları olan “The Washington Post” və digər qəzetlər vasitəsilə qarayaxmalar təqdim edirdilər.
“Cənab Prezidentin 8 avqustda Vaşinqtonda keçirilən görüşünün nəticəsi olaraq media nümayəndələri ilə görüşdə bu məsələyə xüsusi diqqət yetirmişdi ki, bu qəzetlərlə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılıb. Bunlar konkret olaraq Bayden administrasiyası zamanı, xüsusilə 44 günlük müharibədən sonra daha qabarıq şəkildə özünü büruzə verdi. Hətta 907-ci düzəlişi də məhz Cozef Bayden qüvvəyə mindirdi. Baxmayaraq ki, 2021-ci ildən etibarən hər il o düzəliş növbəti ilə qədər dondurulurdu. Bu sadalananlar Baydenə aid olan kurs idi”, – Milli Məclisin üzvü bəyan edib.
A. Allahverənov D. Tramp ilə C. Bayden hakimiyyəti arasındakı fərqi də diqqətə çatdırıb:
“Təbii ki, Tramp hakimiyyəti tamamilə əksinə olaraq daha praqmatik düşüncəyə malik olan böyük siyasətçi, böyük lider olduğunu nümayiş etdirən və heç bir zaman müharibədən maraqlı olmayan bir administrasiyadır. Onun əvvəlki dönəmində də heç bir müharibə başlamadı. Kamboca, Ruanda, Hindistan, Pakistan və bir çox müharibə ocaqlarının dayandırılmasında birbaşa rolu olan şəxsdir. Hətta özü də bildirib ki, o, 2022-ci ildə hakimiyyətdə olsaydı, Rusiya-Ukrayna müharibəsi baş verməzdi. Bu gün 3 ildən çox davam edən bu müharibədə yüz mindən çox insanın ölümü ilə nəticələnmişdi. Bu da Demokratların Donald Trampa buraxdığı “irsdir” ki, hazırda bu problemlə o özü məşğul olmağa çalışır”.
Millət vəkili o cümlədən söyləyib ki, Azərbaycanla da münasibətdə ABŞ ölkəmizi özünə strateji tərəfdaş hesab edir:
“ABŞ-nin Azərbaycanla tərəfdaşlığa maraqlı olduğunu göstərir. Simvolik də olsa, Ağ Evin simvolik açarını İlham Əliyevə bağışlayan Tramp bunu nadir prezidentlərə verdiyini bildirib. Azərbaycana qarşı o dərəcədə etibarlılıq nümayiş olunur. Bu, artıq Trampın bütövlükdə Azərbaycan xalqına və Azərbaycana münasibətinin göstəricisidir. Bu da Azərbaycan tərəfindən çox yüksək dəyərləndirilir”.
Vaşinqton görüşündə verilən qərarlardan danışan deputat görüşlərdə Azərbaycanın əlini gücləndirən qərarların verildiyini də bildirib:
“ABŞ rəhbərinin Azərbaycanla münasibətləri normallaşdırması, Zəngəzur dəhlizinin açılması, 907-ci düzəlişin ləğv edilməsi, Azərbaycana qarşı münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilməsi, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, bunun üçün işçi qruplarının yaradılması ilə bağlı qərarın verilməsi və bir çox məsələlər onu deməyə əsas verir ki, Bayden və Tramp administrasiyası arasında yerlə göy qədər fərq var. Bayden administrasiyası, əsasən, ermənipərəst mövqedən çıxış edib digər Qafqaz ölkələrini görməzdən gəlirdisə, Trampın davranışlarında biz bunun əksini görürük. Cənubi Qafqaza uzunmüddətli sülhün gəlməsi və dayanıqlı inkişafın artırılması prosesində Trampın əməyinin nəticəsidir”.
O, ABŞ-nin öz milli maraqlarını Cənubi Qafqaz ölkələri ilə uzlaşdırmağa çalışdığını və bütün ölkələrə qarşı qərəzsiz mövqe sərgilədiyini bildirib:
“ABŞ ölkənin milli maraqlarını Cənubi Qafqaz ölkələrinin maraqları ilə uzlaşdıra bilir, hər hansı subyektivliyə yol verməyərək qərəzçilikdən çox uzaq, hansısa ölkəyə pərəstiş prinsipindən irəli gəlməyən ümumi mövqe nümayiş etdirən bir tərəf qismində çıxış edir ki, bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət kursunu praqmatik prinsiplər üzərindən kökləndiyinin nəticəsidir. Hansı ki, biz eyni münasibəti Trampın Azərbaycanla bağlı münasibətində şahidi oluruq”.
Nurlan Cəfəri