"Bayraktar"dan sonra Türkiyənin növbəti strateji uğuru: "EREN" dronu ilk dəfə dünya səhnəsində - FOTO
Türkiyənin yerli imkanlarla hazırladığı yüksək sürətli “EREN” dolanan mühimmatı (kamikadze dron) ilk dəfə dünya vitrininə çıxarılaraq beynəlxalq müdafiə sənayesinin diqqət mərkəzinə düşüb.
Yenicag.az xəbər verir ki, “Roketsan” tərəfindən hazırlanan və “ağıllı güc” olaraq xarakterizə edilən EREN, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “World Defense Show 2026” sərgisində debüt edib.

Türkiyə müdafiə sənayesində yeni bir mərhələni təmsil edən EREN, konsept mərhələsindən real vurucu güc səviyyəsinə cəmi bir ildən az müddətdə çatıb. Bu yaxınlarda “Bayraktar AKINCI” ilə sınaq atışlarını uğurla tamamlayan mühimmatın bu il seri istehsala daxil edilməsi planlaşdırılır.
EREN-in texniki imkanları düşmən üçün əsl kabusa çevriləcək göstəricilərə malikdir: SİHA, helikopter, zirehli maşınlar və gəmilərdən atıla bilir, 100 kilometrdən çox məsafədəki hədəfləri məhv etmək qabiliyyətinə malikdir, Turbojet mühərriki və süni intellekt dəstəkli alqoritmlər vasitəsilə hədəfi dəqiqliklə seçib zərbə endirir.

“Roketsan”ın bu mühimmatı həm Türk Silahlı Qüvvələrinin, həm də dost və müttəfiq ölkələrin arsenalında əsas silah sistemlərindən biri olmağa iddialıdır. Aşağı sürətli hava hədəflərindən tutmuş ağır zirehli texnikalara qədər hər növ təhdidi aradan qaldıran EREN, maliyyə baxımından da effektivliyi ilə seçilir.
Qeyd edək ki, sərgidə Türkiyənin digər qabaqcıl sistemləri olan SİPER, HİSAR, ÇAKIR və KARAOK kimi silahlar da beynəlxalq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Məsimə Məmmədova












