Bazarlarda "saxta" kartof həyəcanı: Ekspertdən SOS xəbərdarlığı

media-hightechnic-468x90

Son dövrlər bazarlarda satılan kartofun keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə “texniki kartof” kimi tanınan, əslində sənaye məqsədləri üçün nəzərdə tutulan məhsulların qida kartofu adı ilə satışa çıxarılması istehlakçılar üçün ciddi risklər yaradır. 

Mövzu barədə Yenicag.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bu cür kartofların mütəmadi istifadəsi sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyib.

Onun sözlərinə görə, texniki kartof əsasən sənaye sahəsində istifadə üçün yetişdirilir:

“Texniki kartof növləri nişasta, spirt, çips, yem əlavələri və digər texniki məhsulların istehsalında istifadə olunur. Bu kartofların əkinində məhsuldarlığı artırmaq məqsədilə bəzi hallarda daha intensiv aqrotexniki üsullara, gübrə və pestisidlərə üstünlük verilir. Saxlanma zamanı isə cücərmənin qarşısını almaq üçün xüsusi maddələrdən istifadə oluna bilər. Bu maddələrin qida normativlərinə uyğun olmayan dozada tətbiqi insan sağlamlığı üçün risk yaradır”.

Ekspert qeyd edib ki, qida təyinatlı kartof isə birbaşa insan istehlakı üçün yetişdirilir və onun istehsalı zamanı istifadə olunan dərman və gübrələr qida təhlükəsizliyi standartlarına uyğun seçilməlidir:

“Texniki kartof bu tələblərə hər zaman cavab vermədiyi üçün onun birbaşa qida kimi istifadəsi tövsiyə edilmir. Əsas risklər pestisid qalıqları, nitratların yüksək olması və saxlanma zamanı yaranan zərərli maddələrlə bağlıdır. Belə kartofların uzunmüddətli istifadəsi mədə-bağırsaq problemləri, allergik reaksiyalar və hətta xroniki xəstəliklərə yol aça bilər”.

Asim Vəliyev vurğulayıb ki, bazarlarda texniki kartofun qida kartofu adı ilə satılmasının qarşısını almaq üçün dövlət nəzarət mexanizmləri mövcuddur:

“Məhsulların mənşəyinin sənədlərlə yoxlanılması, laborator analizlərin aparılması, təsadüfi seçmə yolu ilə nümunələrin test edilməsi və satış yerlərində mütəmadi reydlər həyata keçirilə bilər. Lakin nəzarətin effektivliyi yalnız dövlət qurumlarından deyil, eyni zamanda satıcıların məsuliyyətindən və istehlakçıların diqqətindən də asılıdır”.

Ekspert istehlakçılara kartof alarkən diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, həddindən artıq iri ölçülü, forması qeyri-təbii olan, üzərində çoxlu ləkə, cücərti və ya yaşıl rəng müşahidə edilən kartoflardan uzaq durmaq lazımdır.

“Kəskin kimyəvi qoxu və acı dad da şübhəli əlamətlərdəndir. Mümkün olduqda etibarlı satıcılardan, mənşəyi məlum olan məhsullara üstünlük verilməlidir”.

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa