Bəhruz Məhərrəmov: “CNN-in yaydığı feyk xəbər geosiyasi təxribatdır”
“CNN Azərbaycan və İran münasibətlərində ziddiyyətlər yaradıb alovlandırmaq istəyir.”
Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat Amerikanın “CNN” telekanalında guya İsrailin Azərbaycan ərazisindən İrana zərbə endirməsi ilə bağlı feyk xəbəri sərt tənqid edərək bu təxribatın arxa planını ifşa edib:
“CNN-in iyunun 5-də yaydığı və Azərbaycanın guya öz ərazisini İsrail qüvvələrinə İran əleyhinə hərbi kəşfiyyat əməliyyatları üçün açması barədə materialı məqsədli qərəz və “anonim mənbələrə” əsaslanan bu iddiaları qəti şəkildə rədd edərkən Azərbaycan Xarici İşlər Nazirliyi və ölkəmizin ABŞ-dəki səfirliyinin də ifadə etdiyi kimi, informasiya təxribatı və dezinformasiyadır.
Rəsmi Bakının da dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrə qarşı hərbi və ya kəşfiyyat məqsədilə istifadəyə icazə verməyib və verməyəcək. O zaman sual yaranır, CNN niyə belə bir addım atdı və bu təxribatın arxasında hansı maraqlar dayanır?
Bildiyiniz kimi, Cable News Network qlobal miqyaslı nəhəng ABŞ media korporasiyasıdır. Lakin onun fəaliyyət coğrafiyası, həmçinin siyasi xətti tam müstəqil deyil və zaman-zaman ayrı-ayrı siyasi dairələrin ruporu kimi çıxış etsə də, ABŞ-nin daxili siyasi konyunkturunda CNN ənənəvi olaraq Demokratlar Partiyasına və “liberal qlobalist” xəttə yaxınlığı ilə tanınır. Qərb mediasında, xüsusən də CNN kimi kanallarda güclü erməni lobbisinin və Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi anti-Azərbaycan neo-mühafizəkar dairələrin ciddi maliyyə və insani resurs rıçaqları var. Onlar mütəmadi olaraq sifarişli materiallar yerləşdirmək imkanına malikdirlər.
Məhz bu kimi amillər fonunda CNN-in rəsmi Bakının əvvəlcədən verdiyi inkar cavabını qəsdən görməzdən gələrək bu yalanı tirajlamasının arxasında bir neçə strateji məqsəd güdülür. Birincisi, son dövrlər, xüsusən regional gərginliklər fonunda rəsmi Bakı ilə Tehran arasında diplomatik kanallarla münasibətlərin tamamilə qırılmaması və balansın qorunması üçün ciddi addımlar atılması şəraitində Azərbaycan-İran münasibətlərinidə ziddiyyətlər yaradıb yenidən alovlandırmaq. Belə bir həssas məqamda “İsrail komandoları cənub sərhədlərinizdədir” yalanını ortaya atmaq, Tehranı Azərbaycana qarşı aqressiv addımlar atmağa təhrik etmək və regionda yeni bir münaqişə ocağı yaratmaq məqsədi daşıyır.”
Deputat Azərbaycan hüdudlarından kənarda yerləşən təxribatçıların əsas məqsədini bu sözlərlə üzə çıxarıb:
“Bu cür xəbərlərlə beynəlxalq ictimaiyyətin və regional güclərin gözündə Azərbaycanı dinc qonşuluq siyasəti yürüdən ölkə kimi deyil, böyük müharibələrin ortasında olan aktiv hərbi poliqon kimi qələmə verməyə çalışırlar. Bu, ölkənin beynəlxalq imicinə, Orta Dəhlizin timsalında logistik və iqtisadi layihələrinə zərbə vurmaq cəhdididir.
Həmçinin, məlumdur ki, Qərbdəki bəzi dairələr regionda tamamilə müstəqil və balanslı siyasət yürüdən, heç bir xarici diktəni qəbul etməyən Azərbaycan profilindən narahatdırlar. Məhz bu kimi feyklərlə həmin dairələr süni gərginliklər yaradaraq Bakını Qərbdən asılı vəziyyətə salmağa və ya təzyiq etməyə rıçaq axtarırlar.
Təbii ki, qlobal medianın adi jurnalist standartlarını tapdalayan kommersiya maraqlarını da unutmaq olmaz. “Yaxın Şərq savaşı Cənubi Qafqaza sıçradı” tipli manşetlər böyük reytinq gətirir və onlar rəsmi bəyanatları yox, anonim “şok” mənbələri tirajlamağa üstünlük verirlər.”
Sonda B. Məhərrəmov dövlətimizin aidiyyəti qurumlarının təxribatlara yerindəcə cavab verərək onları susdurduğunu diqqətə çatdırıb:
” Azərbaycan dövlətinin CNN-ə verdiyi operativ və sərt cavab, həmçinin rəsmi təkzib tələbi bu informasiya hücumunun ilkin dalğasını qırdı. Bu hadisə növbəti dəfə sübut etdi ki, qlobal media devləri hər zaman “obyektivlik” prinsipi ilə işləmir, əksinə, böyük geosiyasi oyunların tərkib hissəsi və təzyiq mexanizmi kimi çıxış edirlər. ”
Nurlan Cəfəri













