Belarus seçim qarşısında: Putin əsas müttəfiqini də itirir?

media-hightechnic-468x90

“Lukaşenko Rusiya – Ukrayna müharibəsinə birbaşa qoşulmaq istəmir”.

media-banner_tkm

Bunu Ukrayna ilə Rusiya arasında yaşanan gərginlik fonunda Belarusun münaqişədə iştirak edib-etməyəcəyi barədə danışan politoloq Mürtəza Bünyadlı Yenicag.az-a açıqlamasında deyib.media-murteza

O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus rəhbərliyinə ünvanladığı növbəti sərt xəbərdarlıq regionda yeni gərginlik dalğası yaradıb:

“Zelenski artıq neçənci dəfədir ki, Minskdən Ukrayna sərhədləri yaxınlığında cəmləşdirilən hərbi qüvvələri və hərbi infrastrukturu geri çəkməyi tələb edir. Bu dəfə isə xəbərdarlıq daha sərt səslənib. Zelenski Belarusun bir həftə ərzində vəziyyəti dəyişməyəcəyi təqdirdə, Kiyevin öz təhlükəsizliyini təmin etmək üçün birtərəfli addımlar atacağını bəyan edib.

Avropa Birliyi Ukraynanın bu mövqeyini onun konstitusion müdafiə hüququ kimi qiymətləndirir. Moskva isə əksinə, Belarusun təhlükəsizliyinə təminat verdiyini bəyan edir. Rusiya xarici işlər naziri Sergey Lavrov xatırladıb ki, 2025-ci ilin mart ayından etibarən İttifaq Dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında müqavilə qüvvədədir və Rusiya lazım gələrsə, Belarusun müdafiəsi üçün bütün vasitələrdən istifadə etməyə hazırdır”.

M. Bünyadlı Belarusun müharibənin bir parçası olmaq istəmədiyini qeyd  edib:

“Mövcud reallıqlar göstərir ki, Lukaşenko Ukrayna müharibəsinin birbaşa iştirakçısına çevrilmək istəmir. Çünki bu, müharibənin coğrafiyasının genişlənməsi deməkdir. O, yaxşı anlayır ki, Belarus ordusunun döyüşlərə cəlb olunması ölkəni tamamilə fərqli risklərlə üz-üzə qoya bilər. Ciddi beynəlxalq qınağa tuş gəlməklə yanaşı, Belarus iqtisadiyyatı Qərbin yeni ciddi  sanksiyaları ilə qarşılaşar, ölkə hərbi hədəfə çevrilər və daxili sabitlik üçün ciddi təhdidlər yaranar.

Minsk indiyədək Moskvanın ən yaxın müttəfiqlərindən biri kimi çıxış edib. Belarus ərazisindən Rusiya qüvvələrinin istifadə etməsinə imkan yaradılıb, hərbi təlimlər keçirilib, logistika və infrastruktur dəstəyi göstərilib. Lakin bütün bunlara baxmayaraq, Lukaşenko Belarusun birbaşa müharibənin açıq iştirakçısı olmaqdan çəkinib. Çünki Belarusun açıq şəkildə müharibəyə daxil olması artıq dolayı iştirak yox, birbaşa müharibə tərəfi statusu deməkdir. Bunun nəticələri isə Minsk üçün son dərəcə ağır ola bilər”.

Politoloq Ukrayna lideri Zelenskinin Belarusa qarşı bəyanatlarının “ikibaşlı” olduğunu diqqətə çatdırıb:

“Zelenskinin sərt ritorikasının arxasında yalnız hərbi məqsədlər dayanmır. Bu bəyanatlar həm də siyasi və strateji xarakter daşıyır. Kiyev yaxşı anlayır ki, Rusiyanın ən yaxın müttəfiqi olan Belarusun neytral mövqeyə yaxınlaşması Moskva üçün ciddi geosiyasi zərbə olar. Məhz buna görə də Zelenskinin Lukaşenkoya ünvanladığı çağırışlar müəyyən mənada Minsklə Moskva arasında məsafə yaratmağa hesablanıb.

Kiyev Belarusu tamamilə Rusiyanın orbitindən çıxara bilməsə də, ən azı onun hərbi aktivliyini məhdudlaşdırmağa çalışır. Çünki Belarusun döyüşlərə qoşulmaması Ukrayna üçün şimal istiqamətində əlavə təhlükələrin azalması deməkdir. Ancaq Lukaşenkonun manevr imkanları da məhduddur. O, bir tərəfdən Putinin siyasi və iqtisadi dəstəyindən asılıdır, digər tərəfdən isə ölkəsini müharibənin içinə sürükləmək istəmir. Bu səbəbdən Minsk son illərdə çox mürəkkəb balans siyasəti yürüdür. Bu günə qədərki proseslər göstərir ki, Belarus Kremlə loyal qalacaq, lakin mümkün qədər birbaşa hərbi iştirakdan yayınmağa çalışacaq. Lukaşenko yaxşı anlayır ki, münaqişənin coğrafiyasının genişlənməsi, ilk növbədə, Belarusun özünü hədəfə çevirə bilər.

Məhz buna görə də əsas diqqət Putinin və Lukaşenkonun müzakirələrinə yönələcək. Çünki bu görüşün nəticəsi təkcə Belarusun deyil, bütövlükdə Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsinin konturlarını müəyyən edə bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05