Benzinin artan QİYMƏTİNİN FƏSADLARI: “Bu avtomobillərə maraq artacaq” – ŞƏRH

“Benzinin qiymətinin artması avtomobilləşmə prosesinə mənfi təsir göstərəcək”.

Yenicag.az xəbər verir ki, bunu “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətinin bahalaşmasına münasibət bildirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək:

“Fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyil edəcəklər. Çünki belə avtomobillər yerli istehsal olaraq hələlik ucuz olan 92 oktanlı benzini rahat işlədir. Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq. Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.

Ərşad Hüseynov qeyd edib ki, yaranmış mənfi vəziyyət fonunda təkanverici amil kimi ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır:

“İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər.
Qeyd etdiklərimin hamısı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat strategiyası əsasında həyata keçirilməlidir”.

Gülşən Şərif