Beyləqanda əhalini bir damla suya həsrət qoyan kimlərdir?

Beyləqan rayonunun kəndləri susuz qalıb. Kəndlərə paylanmalı olan su Haramı düzünə, məmurların fermalarına, şirkətlərin əkin sahələrinə ötürülür.

Yenicag.az-a daxil olan məlumata görə, Beyləqan rayon Bünyadlı, Aşıqlı, Şəfəq, Qəhrəmanlı, Eyvazallar kəndlərində ciddi su problemi yaşanır. Kənd sakinlərinin bildirdiyinə görə, kəndlərə gələn suyun qarşısı kəsilib. Beyləqan su-kanal idarəsi kəndləri təmin etmək yerinə, suyu məmurların torpaqlarına verir.

Əldə etdiyimiz məlumata görə, Beyləqan camaatı təkcə su problemindən yox, torpaqların əllərindən alınmasından da əziyyət çəkir. Yüksək çinli məmurlar kəndlinin torpaqlarını müxtəlif üsullarla ələ keçirir. Suyun verilməməsi də bu oyunlardan biri kimi qiymətləndirilir. Belə ki, susuzluqdan heç nə əkə bilməyən kəndli məcbur olub torpağını dəyər-dəyməzinə satır.

Kənd sakinlərinin bildirdiyinə görə borc içində üzürlər. Susuzluqdan əkilən sahələr yanır, nəticədə gözünü torpağa dikən kəndli heç bir məhsul götürə bilmir.

Əldə etdiyimiz məlumata görə bir sıra deputatların Haramı düzündə böyük  fermaları var. Vətəndaşlara xidmət edəcəyinə söz verən deputat, vətəndaşın boğazından kəsib, mal-heyvan saxlamaqla məşğuldur.

Bununla yanaşı suyun böyük hissəsi ilə “Səba” şirkətinin qarğıdalıları suvarılır. Bu şirkətin Haramı düzündə 10 000 hektar qarğıdalı əkdiyi deyilir. Onlar təkcə kəndlilərin suyuna yox, torpağına da şərik çıxıb. Rayon sakinlərinin verdiyi məlumata görə, şirkət əhalidən, həmçinin, bələdiyyələrdən torpağı güc yolu ilə alır. Kənd sakinlərinin sözlərinə görə, şirkətlə heç icra hakimiyyəti də bacarmır. Hər dəfə icra hakimiyyətinə bununla bağlı şikayətə gedəndə, rəsmilər o şirkət qarşısında aciz olduqlarını dilə gətirirlər.

Haramı düzündə bir neçə nazirin, generalın torpaq sahələri olduğu deyilir. Nəticədə Beyləqan rayonunun kəndləri susuzluqdan qovrulur.

Beyləqan Rayon Sukanal İdarəsinə dəfələrlə zəng etməyimizə baxmayaraq, telefonlarımıza cavab verən olmadı. Qarşı tərəfin fikirini yayımlamağa hazırıq.

 

Səxavət Məmməd

COP29