Bakıda Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Kərkük” Paneli işinə başlayıb.
Yenicag.az xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin moderatorluğu ilə keçirilən Paneldə İraq Türkmən Cəbbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi, professor Qəzənfər Paşayev, professor Kürşad Zorlu, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Türkiyə Qazi Universitetindən Çetin Almas, İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü, Azərbaycan millət vəkili Qənirə Paşayeva iştirak edirlər.
“Yeni Çağ” Media Qrupunun rəhbəri və “Kərkük” Paneli moderatoru Aqil Ələsgər çıxış edərək tədbirin ərsəyə gəlməsində dəstəyi olanlara təşəkkür edərək bildirib:
“Başlamadan öncə moderator olaraq bu proqramın gerçəkləşməsində verdikləri dəstəyə görə TİKA Bakı Koordinatoru Teoman bəyə, hər zaman yanımızda olan, hətta heç bir dövlət belə yanımızda olmayanda bizimlə olan Hüseyin Büyükfırata, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə təşəkkürümü bildirirəm”.
Simpoziumun önəmi diqqət çəkən Aqil Ələsgər “Simpoziumu “Kərkükdən Qarabağa” şəklində adlandırmış olsaq da, burada yalnız Qarabağ və Kərkükdən deyil, həm də Şərqi Türküstan və Türkün bütün qanayan yaralarından danışacağıq” deyib.
Ərşad Salihi paneldə çıxış edərək bildirib ki, bizə müxtəlif adlar qoydular, ancaq biz türkük:
“Qafqazda, Orta Asiyada türk olmaq çox çətin məsələdir. Orada türkləri sıxışdırırlar. Türkləri İraqda, Livanda, Suriyada heç kim dəstəkləmir. Kipri işğaldan azad edəndə necə hazır idiksə, Qarabağın da işğaldan azad edilməsinə hazırıq. Xocalı soyqırımı zamanı Səddam Hüseynin zülmündə idik. Ancaq Azərbaycanın müstəqilliyinə sevinirik. 1992-93-cü illərdə Azərbaycan Qarabağda, türkmanlar isə İraqda şəhid verirdi. İraqda referendum zamanı İraqın vahid qalmasını istədik. Bu gün İraqın vahid qalmasının səbəbkarı türkmanlardır.
Biz şəhidlər verdik, ancaq torpaqlarımızı vermədik, namusumuzu vermədik. Kərkükün üzərində oynanan oyunun eynisi Qarabağda oynanır. Əgər ayağımızın üzərində durmaq istəyiriksə, hamımız birlik olmalı, bir yumruq olmalıyıq. Bizi din pərdəsi altında parçalamaq istəyirlər. Ancaq biz İslamdan öncə var olan millətik.
İraq Türkman Cəbhəsinin sədri olaraq bildirirəm ki, dünyanın harasında bir türkün burnu qanayırsa, biz buna görə məsuliyyət daşıyırıq.
Ümid edirik ki, türk varlığı Kərkükdən Qarabağa doğru gedəcək”.
Professor Kürşad Zorlu Kərkük və İraqdakı türkmanların problemləri barədə danışıb. O bildirib ki, getdiyi hər yerdə Kərkük və Qarabağ problemini gündəmə gətirir:
“Kərkük və Qarabağı eyniləşdirmə çox məntiqlidir. Bunu bir araya gətirən ən əsas səbəb demoqrafik problemlərdir. Türkləri öz torpaqlarından qovurlar. Qarabağda, Şimali Kiprdə, Kərkükdə də bu problem var.
Azərbaycan türkçülüyü inşa edən ölkələrdən biridir.
Mosul 1918-ci ilə qədər Osmanlının torpağı olub. Atatürk Mosulun, Kərkükün Türkiyənin tərkibində qalması üçün çox işlər görüb, ancaq beynəlxalq güclər buna imkan vermədi. İraqda Səddam Hüseyndən əvvəl, onun vaxtında və sonra demoqrafik dəyişiklik yalnız türkmanlara qarşı edilib. Çalışırlar ki, türkmanlar kompakt yaşamasınlar və beləcə ölkəni rahat idarə etsinlər. Qarabağda da bu problem yaşanıb və yaşanmaqdadır.
Müstəqil olmaq düşüncəsi var. Türkmanlar bunu haqq edirlər. Ancaq bu gələcəyin düşüncəsidir. Türkmanlar o coğrafiyanın ən əsas gücləridir. Ona görə də daim onları sıxırlar. Türkmanların dillərini də yox etmək istəyirlər. Əgər bunu yox etsələr, millətimizi də yox etmiş olacaqlar”.
Bakıda təşkil olunan “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Kərkük” Panelində Türkiyə Qazi Universitetindən Çetin Almas çıxış edib.
Çetin Almas bildirib ki, əslində türkmanların yaşadığı bölgə türkman elidir, sadəcə kərküklülər daha çox qətliama məruz qaldığı üçün ora ümumi olaraq Kərkük deyirlər:
“Mosul və Kərkük 13 əsrdir ki, türk yurdudur. 900 il türkman elində türk hakimiyyəti hökm sürüb. Coğrafi olaraq oradayıq, yaşayırıq, hüquqi olaraq da türkmanlar orada olmalıdır. Türkmanlara qarşı ötən əsrin əvvəllərindən qətliamlar edilib. Orada hələ də türkman əhalisi yaşayır.
Türkman elinə kim gəldisə, oranı dəyişdirməyə çalışdı. Yer adlarını dəyişdirdilər, dillərini əllərindən almağa çalışdılar. Hələ də davam edirlər”.
Çetin Almas sonda bildirib ki, bu simpozium türkman elinə uzadılan əldir.
“Kərkük” Panelində Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi də çıxış edib.
Şəmsəddin Kuzəçi bildirib ki, İraq dedikdə ağla Osmanlı gəlir:
“İraqı uzun illər Osmanlı imperiyası idarə edib. İraqda mətbuatın təməli də Osmanlı dönəmində atılıb. İraq Osmanlıdan ayrıldıqdan sonra Osmanlıya aid hər şeyi məhv etdilər.
2003-cü ildən sonra İraqda mətbuat üzərindəki senzura aradan qalxdı. Ondan sonra çoxlu sayda qəzetlər, TV kanallar açıldı. Türkman Elində də müstəqil qəzetlər, TV kanallar açıldı.
Azərbaycan mətbuatı məsafə cəhətdən nə qədər uzaq olsa da, daim İraq türkmanlarına sahib çıxıb. Nəinki sahib çıxıb, hətta bizim özümüz kimi yazıb”.
“Kərkük” Panelində çıxış millət vəkili Qənirə Paşayeva tədbirin əhəmiyyətindən danışıb.
Qənirə Paşayeva bildirib ki, Səddam Hüseyn dövründə TV-də işləyərkən Kərkükə getməyə icazə vermirdilər:
“O zaman bir dəfə şans yarandı. Kərkükə getdik, oradakı insanlarla rahat danışmağa başladım. Yanımızda olan xarici jurnalistlər şoka düşmüşdülər. Suallar verirdilər ki, necə olur, azərbaycanlısınız, ancaq İraqda rahat danışırsınız? Orada bildirdim ki, biz bir millətik.
Vətən məsafələrlə ölçülmür. Biz öz uşaqlarımıza bunları anlatmalıyıq. Qarabağ, Kərkük kimi problemlər hamımızın davası olmalıdır. Əgər bir olsaq, problemlərimizi daha asan həll edərik. Azərbaycanın İraqda səfirliyi var, ancaq təklif edirəm ki, Kərkükdə də konsulluq açılsın. Biz əlaqələri daha da genişləndirməliyik.
Qarabağ problemi zamanı türk dünyasından dəstək istəmişik. Türkiyə daim yanımızda olub, ancaq digərlərinin başı öz problemlərinə qarışmışdı.
Biz heç zaman unutmamalıyıq ki, Qarabağ və Kərkük türk dünyasının açar nöqtələridir. Türk dünyası çalışıb bu problemləri həll etməlidir”.
“Kərkük” Panelində çıxışlar bitdikdən sonra simpoziumun iştirakçıları mükafatlandırılıb.
www.yenicag.az