Enerjidən təhlükəsizliyə: Bakı–Əbu-Dabi strateji əməkdaşlığı

media-hightechnic-468x90

Son illərdə Azərbaycanın xarici siyasət kursunda müşahidə olunan mühüm tendensiyalardan biri Körfəz və ümumilikdə ərəb dünyası ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsidir.

Prezident İlham Əliyevin apardığı çoxvektorlu və praqmatik diplomatiya nəticəsində Azərbaycan artıq yalnız Avropa və türk dövlətləri ilə deyil, eyni zamanda, Yaxın Şərqin aparıcı gücləri ilə də strateji tərəfdaşlıq münasibətləri qurur. Bu baxımdan, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin dinamik inkişafı xüsusi diqqət çəkir.media-ferid-sahbazov

Ötən il BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, xüsusilə onun Füzuli Beynəlxalq Hava Limanında qarşılanması və Şuşada keçirilən yüksək səviyyəli görüşlər təkcə diplomatik protokol deyil, həm də güclü siyasi mesaj idi. Bu səfər BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə reallıqlarına verdiyi açıq dəstəyin simvolik ifadəsi kimi qiymətləndirilməlidir. Şuşada imzalanan sənədlər isə ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün konkret yol xəritəsi rolunu oynayır.

Prezident İlham Əliyevin BƏƏ-yə son işgüzar səfəri Azərbaycanın Körfəz regionu ilə münasibətlərini strateji tərəfdaşlıq müstəvisinə çıxararaq siyasi etimad, enerji təhlükəsizliyi və müdafiə əməkdaşlığı üzrə keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Səfər, eyni zamanda, Azərbaycanın regional sabitlik və təhlükəsizlik təşəbbüslərində rolunun artdığını, Körfəz ölkələri ilə uzunmüddətli strateji sinerjinin əsaslarının qoyulduğunu təsdiqlədi.

Səfər zamanı enerji əməkdaşlığı sahəsində atılan addımlar münasibətlərin iqtisadi sütunlarını daha da möhkəmləndirdi. “Cənub Qaz Dəhlizi” QSC-də qeyri-nəzarət payının bir hissəsinin Abu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG-yə satılması Azərbaycanın enerji təhlükəsizliyi arxitekturasında Körfəz kapitalının rolunu artırdı. Bu razılaşma bir tərəfdən ölkəmizin etibarlı enerji tərəfdaşı imicini gücləndirirsə, digər tərəfdən strateji layihələrə yeni maliyyə və texnoloji imkanlar açır.

Diqqətçəkən məqamlardan biri də Azərbaycan və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlığın institusional mərhələyə keçməsidir. Müdafiə nazirlikləri arasında imzalanan niyyət məktubu və “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri tərəflər arasında yüksək etimad səviyyəsindən xəbər verir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan indiyədək bu səviyyədə birgə hərbi təlimləri yalnız Türkiyə ilə həyata keçirirdi. BƏƏ-nin bu sıraya qoşulması təhlükəsizlik sahəsində yeni strateji situatsiyanın formalaşdığını göstərir.

Enerji və təhlükəsizliklə yanaşı, investisiya və bərpa olunan enerji sahələrində əməkdaşlıq da münasibətlərin əsas istiqamətlərindəndir. “Masdar” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr ölkəmizin enerji keçidi strategiyası ilə Körfəz təcrübəsinin uğurlu sintezini nümayiş etdirir. Bütün bunlar Azərbaycanın Körfəz diplomatiyasında artıq sistemli və uzunmüddətli xətt formalaşdırdığını təsdiqləyir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri Azərbaycan-BƏƏ münasibətlərinin artıq klassik tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik mərhələsinə keçdiyini göstərir. Bu əməkdaşlıq təkcə iki ölkənin milli maraqlarına deyil, həm də regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün yeni imkanların yaranmasına xidmət edir.

Fərid Şahbazlı

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05