!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzən özümü məmur kimi aparmağa məcbur oluram”-Video

!Reklam – Yazi

images“Siz məni maraqlı insan kimi təqdim etdiniz. Adətən özüm haqqında sakit və səbirli insan sözünü daha çox eşidirəm. Maraqlı olmaq isə məqamlardan asılıdır. Yəqin ki, bəzi məqamlarda mən də beləyəm. Düşünürəm ki, insan səbirli olmalıdır. Son sözü əvvəldə demək xarakterimə uyğun deyil. Mətbuat Şurasının sədri vəzifəsində çalışan insanın da əsas xüsusiyyəti dözüm olmalıdır”.

Bu sözləri APA.TV-nin “Üç dama” verilişində Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Müsahibimiz xarakterindən danışarkən insani keyfiyyətlərin ən vacibinin vicdan olduğunu dilə gətirib.

“Jurnalistika elə bir sahədir ki, bu peşəni seçən adam digər sahələrdə çalışanlardan daha vicdanlı olmalıdır. Hətta vicdanına söykənib kimisə tənqid etsən belə, həmin adam ilk anda bəlkə sərt reaksiya verə bilər. Amma dərindən düşünəndən sonra görəcək ki, onunla bağlı deyilən sözün hansısa obyektiv əsası var. İnsan sadə və səmimi olmağı bacarmalıdır. Məsələn, bir müddət əvvəl Mətbuat Şurasının İdarə heyətinin üzvlərindən biri Avropa Şurasının nümayəndələri ilə görüşdə vizit kartını təqdim etdi. Qonaq diqqətlə baxdı və kartı o biri üzünə çevirdi. Fikirləşdim ki, kart iki dildə yazılıb. Gördüm ki, həmin adam adından sonra bütün vəzifələrini karta yazdırıb. Yəni, bu xüsusiyyət mənə yaddır. Düşünürəm ki, müxtəlif məqamlarda Əflatun Amaşov deyiləndə yalnız məni xatırlayacaqlar. Çünki soyadım da nadir soyadlardandır”.

Jurnalistin peşə etikasından söhbət açan Əflatun Amaşov təhqirlərdən, insanların şəxsiyyətinə toxunan məqamlara diqqət edilməsinin vacibliyindən danışıb. “Hər məsələdə qırmızı xətt var. O xətti keçmək olmaz. İnsanların şərəf və ləyaqətini alçaltmaq, şəxsi həyatına müdaxilə etmək düzgün deyil. İnsan dövlətçi olmalıdır. Hər kəs öz mədəniyyətinə, intellektual səviyyəsinə, savadına görə hadisələrə münasibət bildirir. Bu məqamda obyektivliyi qorumaq lazımdır. Hər kəs öz dünyagörüşünə görə danışır. Ona görə də bəzi insanlardan incimək də olmur. Hər kəsin bacarığı eyni səviyyədə deyil ki, hadisələrə də peşəkar yanaşsın. Necə deyərlər, hər insan öz qabındadır. Məsələn, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı xəbəri oxuyanda ölkədə deyildim. “Başıma qaynar su töküldü” ifadəsi var, inanın, həmin məqamda elə bil onu özümdə hiss etdim. Bu hadisənin nəticələri məni narahat edirdi. Həm də dövlətin mənafeyini düşündüm. Onsuz da kənardan ölkəmizə qarşı münasibət obyektiv deyil. Bu hadisə daha mənfi fikirlər yarada bilərdi. Həmin vaxt danışmaq, fikrimi bölüşməyi qərara aldım. İlk ağlıma gələn yer APA Holding oldu. Vüsalə Mahirqızına zəng etdim və münasibət bildirmək istədiyimi dedim. Yəni, bu məqamda danışmalı idim və danışdım”.

Vəzifəsinin məsuliyyətini vurğulayan həmsöhbətimiz rəhbəri olduğu qurumun bacardığı qədər jurnalistlərə dəstək olduğunu deyib. “Jurnalistlər bizə ev, iş, fəxri ad, sağlamlığı ilə bağlı müraciətlər edirlər. Əlbəttə ki, kiməsə kömək edə biləndə sevinirik. MŞ yeni yarananda narazılıq vardı ki, bu qurum daha çox müəyyən mitinqlərin keçirilməsində iştirak etsin. Ancaq bizim fəaliyyətimiz mətbuatla cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə qulluq etməlidir. Təsəvvür edin ki, bizə adi vətəndaşlardan hər il 456-500-ə yaxın şikayət daxil olur. Bu şikayətlərin hamısına baxılır. Əlbəttə, bu nüanslara baxanda hesab edirəm ki, mən sədr kimi lazım olan yerdəyəm. Bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edib. Buna baxmayaraq, bizim mətbuatda iqtisadi məsələlər də tam həllini tapmayıb. Əgər jurnalist maaşla ev ala bilmirsə, əlbəttə, dövlət buna biganə qala bilmir. Fürsətdən istifadə edib, Azərbaycan prezidentinə öz təşəkkürümü bildirirəm ki, jurnalistlərin ev probleminin həllində yardımçı olur. Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika günü münasibətilə mən də “Vətənə xidmətə görə” ordeni ilə təltif olundum. Bu mükafat mənim məsuliyyətimi, özümə inamımı daha da artırdı”.

“Özümü məmur kimi görmürəm” deyən müsahibimiz özünü daha çox xəbər adamı kimi hiss etdiyini deyib. “AzərTAc-da müxbir kimi işləyəndə dayanmadan reportajlar hazırlayırdım. Heç yorulmurdum. Daima axtarışda idim. Son vaxtlar da hərdən hiss edirəm ki, yazmaq istəyirəm. Özü də qələmlə. İndi çox insan kitab oxumur, xüsusən, jurnalistlərin kitab oxumamağı, humanitar sahələrdən xəbərsiz olmağı qəbul edilməzdir. Bir vaxtlar iş səfərlərində olanda səfər xatirələri yazırdım. Sonra gördüm ki, yazıların hamısı oxşar olur. Bir də görürsən haqqımda elə bir jurnalist yazı yazıb ki, cəmi 20 yaşı var. Məni heç doğru-düzgün tanımır. Belə məqamda adam bilmir cavab versin, ya yox. Ona görə bəzən belə məqamlarda insan özünü məmur kimi aparmağa məcbur olur”.

Əflatun Amaşov ailəsindən də söhbət açıb. “Əslində düşünürəm ki, insanlar ailəsi haqda danışanda çox səmimi ola bilmirlər. Bəlkə də kişilər öz həyat yoldaşlarından çəkinirlər ki, birdən hansısa fikri düz demərəm, xanımın xoşuna gəlməz. Xanımım öz qohumumdur. Uşaqlıqdan görüb tanımışam. Sonra bir-birimizə meylimiz yaranıb, evlənmişik. Oğlum Orxan Amaşov Londonda yaşayır. Beş ildən çoxdur orada yaşamasına baxmayaraq yoldaşım həmişə ona zəng vurur “nə yemisən, nə geyinmisən, özünə yaxşı bax” deyir. Yəni, uzaqda da olsa ana qayğısı onun üzərindədir. Gənclik vaxtım olsaydı, yəqin ki, iki, ya üç övlad istəyərdim”.

“Cəmiyyətdə olan xəstəlik məndə də var. İnternetdən asılıyam. Boş vaxtlarımı daha çox xarici mətbuatı, xüsusən Erməni mediası bizim haqqımızda nə yazır, hansı xəbəri verir deyə davamlı izləyirəm. Kitab oxumaq sevimli vərdişimdir. Bağda ağacları sulamağı, qulluq etməyi də çox sevirəm”.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv