Bəzi qüvvələr türk birliyinə maneə yaratmağa çalışırlar - DEPUTAT
“Birliyimizi qısqananlar və qarşısını almağa çalışanlar da var. Bəzi qüvvələr, ölkələr və təşkilatlar bu yolda maneələr yaratmağa çalışırlar. Lakin Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə səyləri ilə təşkilat daha da güclənir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, oktyabrın 6-7-si Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti danışıb. Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısının Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır:
“Ardıcıl olaraq belə toplantılar məhz Azərbaycanda, həmçinin Qarabağda, Şuşada, indi isə Qəbələdə təşkil olunur. Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin liderləri Bakıda toplanırlar. Bu təşkilatın yaranması ölkə Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsləri, atdığı cəsarətli, ciddi addımlar sayəsində mümkün olub”.
Onun sözlərinə görə, bu günə qədər TDT əhəmiyyətli inkişaf yolu keçib:
“Türk Dövlətləri Təşkilatı regionda və dünyada bir-birini dəstəkləyən, diplomatik, siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq edən ölkələri bir araya gətirir. Əməkdaşlığın əsasını isə dil birliyi, din birliyi, ortaq ənənələr və tarixi köklər təşkil edir. İndi təşkilat gələcəyə doğru inamla irəliləyir.
Bir vaxtlar “XXI əsr türk əsri olacaq” deyirdilər. Hazırda həmin ifadənin nə qədər doğru olduğunu XXI əsrin insanları olaraq gündəlik həyatımızda, baş verən hadisələrdə, inkişaflarda görür və şahidi oluruq. Sözün əsl mənasında, türk birliyi bu gün həm region, həm də dünya üçün olduqca əhəmiyyətli mövqe qazanmaqdadır.
Təbii ki, birliyimizi qısqananlar və qarşısını almağa çalışanlar da var. Bəzi qüvvələr, ölkələr və təşkilatlar bu yolda maneələr yaratmağa çalışırlar. Lakin Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə səyləri ilə təşkilat daha da güclənir, mövqelərini möhkəmləndirir. Bu da göstərir ki, birlik qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyəcəkdir”.
Jalə Əliyeva həmçinin qeyd edib ki, ortaq əlifba, ortaq dil, ortaq tarix və mədəniyyət abidələri kimi məsələlər uzun müddətdir müzakirə olunur, müvafiq qurum və təşkilatlar tərəfindən görüşlər keçirilir:
“Dil yaratmaq mürəkkəb və incə bir prosesdir. Hər bir dil öz köklərinə əsaslanaraq inkişaf edir. Türkdilli ölkələrin, dövlətlərin və xalqların danışdığı dillərin əsasında ortaq bir dilin yaradılması isə xüsusi elmi yanaşma və tədqiqat tələb edir. Dil, təbiəti etibarilə, kənar ünsürləri qəbul etməz və süni üsullarla formalaşdırıla bilməz.
Bu səbəbdən, ortaq dilin hazırlanması prosesində çalışan insanlar illərin təcrübəsinə malik, dilçilik sahəsində öz sözünü demiş mütəxəssislərdən ibarətdir. Onların qərarları və atacaqları addımlar hər bir ölkənin ana dilinin qorunması ilə yanaşı, ortaq bir dilin istifadəsinin mexanizmlərinin yaradılmasında mühüm rol oynayır.
Biz hesab edirik ki, bu iş prosesi hələ davam edir və bütün iştirakçı xalqlar üçün münasib, əlverişli və müvafiq qərarların verilməsi mümkündür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli