Bilgəhdə məcburi köçkünün yaşadığı otaqda yanğın BAŞ VERDİ - FOTO/VİDEO
Bu gün saat 14 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən “Qağayı” düşərgəsində yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, yanğın Şuşadan məcburi köçkün, Daxili Qoşunların hərbi qulluqçusu Əzimzadə Pərviz Habil oğlunun məskunlaşdığı otaqda baş verib.
İlkin ehtimallara görə, yanğına elektrik xəttində yaranan nasazlıq səbəb olub.
Hadisə zamanı Pərviz Əzimzadə xidmətdə olduğundan evdə olmayıb. Onun həyat yoldaşı 7 aylıq körpəsini götürərək yanğından xilas ola bilib.
Hərbi qulluqçunun anası Almaz Əzimzadə hadisənin qəfil baş verdiyini bildirib:
“Otaqda alov sürətlə yayılmağa başladı. Heç nə götürə bilmədik, canımızı güclə qurtardıq. Səs-küyə qonşular gəldi, yanğınsöndürənlər alovu söndürdü. Gəlinimin cehizi tamamilə yanıb məhv oldu. İndi bizim yaşamağa yerimiz yoxdur. Səlahiyyətli qurumlara müraciət etsək də, bayram olduğunu əsas gətirərək cavab vermirlər.”
Hadisədən bir neçə saat ötsə də, nə Sabunçu Rayon İcra Hakimiyyəti, nə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələ ilə maraqlanıb.
Qeyd edək ki, hərbi qulluqçu Pərviz Əzimzadə Qarabağ döyüşlərində iştirak edib.