Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binaların dəhlizlərindən yanğınsöndürən borular naməlum şəxs tərəfindən oğurlanıb. Hadisə binadakı mənzillərdən birinə aid müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, binaların dəhlizindən 15 ədəd yanğınsöndürən borunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb. Şəxsin üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə – metamfetamin də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.