!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir olayın faş etdiyi şəbəkə

!Reklam – Yazi

Cəmiyyət indi də aktyor-rejissor Rza Rzayevlə bir məktəb direktoru – Tural Mirzəliyev adlı şəxsin arasındakı xoş olmayan münaqişəni müzakirə edir. Biz də bu müzakirələrdə tərəf tutmadan iştirak edirik. Bir tərəfin tərəfdarları (artıq kampaniyaçılıq edir onlar) tək tərəfli təbliğat apardığı zaman biz də jurnalist yanaşması sərgiləyərək opponentlik edir, obyektiv həqiqətin ortaya çıxmasına töhfə verməyə çalışırıq. Və başımıza nə gəlir? O gəlir ki, linç edilirik!

İki gün öncə bu əhvalat təzə-təzə mediaya ayaq açanda Təhsil Nazirliyinin media ilə əlaqələrindən sorumlu Cəsarət Valehov belə bir paylaşım etdi: “Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilmişdir. Hazırda xəstəxanada yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Tural müəllimə Allahdan şəfa diləyirik!”

Olsun. Belə baxanda burda nə var ki? Nazirlik öz sahəsinə aid işçiyə şəfa diləyir, məsələni diqqət mərkəzində saxlayır. Bu yanaşma əladır hətta!

Əla və yerində olmayansa heç bir araşdırma aparılmadığı halda bu bilginin tək tərəfli təqdim edilməsi, ardından da səfərbərlik elan edərək kampaniyaçılığa başlanılmasıdır!

Cəsarət Valehov iddia edir ki, Tural Mirzəliyev adlı məktəb direktoru “hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilmişdir”. Mümkündürmü? Mümkündür. Amma burada biz jurnalistlərin diqqətini çəkən elə ilk andan qarşı tərəfə suçun yüklənməsi cəhdidir! Adam birtərəfli iddia edir ki, müəllim hücuma məruz qalıb. Bizim də jurnalist marağımız və əlimizdə olan alternativ informasiyalar olayın heç də belə olmadığını deməyə əsas verirdi. Ona görə də sadəcə şübhəmizi dilə gətirdik, əlavə olaraq o direktorun şəxsinə heç bir dəxli olmadan məhkəmə çəkişməsinin tərəfi olan qadınları niyə ora aparıb-gətirməsini sorğuladıq. Üstəlik onu da əlavə etdik ki, direktora hücumda suçlanan Rza Rzayev olayı başqa cür təsvir edir və yaxşı olar ki, biz hüquq mühafizə orqanlarının araşdırmasını gözləyək. Bunu yazmışdıq ki, üzərimizə bir orduluq adam hücuma keçdi! Bəli, düz bir orduluq!

Haşiyə: Təhsil naziri Ceyhun Bayramov qurumun sözçüsü Cəsarət Valehovdan fərqli olaraq məsələyə daha uyğun və ədalətli yanaşma sərgiləyib. O, jurnalistlərə açıqlamasında hüquqi qiyməti gözlədiklərini deyib: “Hüquq-mühafizə orqanları bu işlə məşğuldur. Araşdırma aparılan zaman müdaxilə etmək istəmirik. Əminik ki, məsələyə düzgün hüquqi qiymət veriləcək”. Sadəcə əhsən!

Dərhal anladım ki, konkret tapşırıqla səfərbərlik elan edilib. Eyni tapşırıqla məhz məni təhqir etmək, gözdən salmaq hədəflənib. Ona görə də heç tanımadığım adamlar, saxta profillər arxasında gizlənən aşağılıq həriflər hücuma başladılar. Normal müzakirə aparanlar da az deyildi. Sadəcə maraqlısı o idi ki, aylarla sosial mediada gözə dəyməyən müəllimlər, məktəb direktorları gecə saat ikidə yuxudan durub əməlli-başlı savaş aparırdılar. Mənə qarşı. Yaxud da mənim kimi düşünən başqalarına qarşı.

Normal müzakirə öz yerində, işim yox. Amma təhqirlərlə bağlı Cəsarət Valehova müraciət etdim ki, o adamları (əsasən saxta profillər idi) müzakirədən uzaqlaşdırsın. Yazdıqlarını da silsin. Silmədi, uzaqlaşdırmadı. Sadəcə hər kəsi etik həddi gözləməyə çağırmaqla yetindi. Mən də hal belə olunca yazmalı oldum ki, əgər Cəsarət Valehov o adamlara qarşı tədbir görmürsə, deməli, özü də onların bir tayıdır. Zatən belədir. Belə olmasa o təhqirləri hələ də öz divarındakı müzakirə müstəvisində saxlamaz.

Bütün bu baş verənlər ona səbəb oldu ki, bu adamları hansı qüvvənin necə səfərbər etməsini araşdırmaq keçdi könlümdən. Araşdırdım. Özü də dərindən deyil. Sadəcə üzdə olan bilgiləri tutuşdurdum və gözüm kəlləmə çıxdı! Ya zəlzələdən, ya vəlvələdən! Mənimlə savaşan FETÖ şəbəkəsi idi! Bəli, FETÖ şəbəkəsi!

Belə anladım ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində bu şəbəkə əməlli-başlı ayaqdadır! Və onlar bir düyməyə basılınca istənilən adamı gözdən sala, linç edə bilərlər!

Məni təhqir edənlərin əksəriyyətinin şəxsi bilgilərində yollarının haçansa Qafqaz Universitetindən, Çağ Öyrətim (İstək) liseylərindən, Araz kurslarından keçdiyi açıq-aydın görünür. Üstəlik, Cəsarət Valehovun hücuma məruz qaldığlnı imperativ şəkildə iddia etdiyi Tural Mirzəliyevin də bioqrafiyasında Qafqaz Universiteti var. Daha maraqlısı isə odur ki, bu adamların əksəriyyəti heç də daimi fəallıqlarıyla diqqət çəkmirlər.

Lap maraqlısı isə odur ki, bunların aralarında daim məni izləyib təhqir edən məlum etnik bölücü ünsürlər də fəallıq edirlər. Onlara qoşulub məni gözdən salmağa çalışanların bir qismi də Azərbaycandakı radikal müxalifətin bəzi təmsilçiləridir. İndi sxemə baxaq: adətən çağırışları elə də diqqət çəkməyən Cəsarət Valehovun bir çağırışı, ardınca FETÖ uzantılarının hərəkətə keçməsi, etnik bölücü ünsürlərin və radikal müxalifətçilərin də onlara qoşulması. Məncə dövlət içində çox təhlükəli bir şəbəkə var!

Şəbəkəyə gəlincə, bir şey də diqqətimi çəkir. Biz ictimai fəallar və jurnalistlər olaraq daim Azərbaycana qarşı qaralama kampaniyası aparan, Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin 1-ci xanımı və 1-ci vitse-prezidenti Mehriban Əliyeva, onların ailə üzvlərini təhqir edənlərlə sözün həqiqi anlamında savaş aparanda nəsə bu şəbəkənin fəallarını yanımızda görmürük. Heç Cəsarət Valehov da cənab Prezidenti müdafiə üçün çağırışlar etmir!

Hələ onu da deyim ki, bu şəbəkədəkilər Azərbaycan dövlətinin maraqlarına xidmət edən kampaniyalarda da gözə dəymirlər. Bəs necə oldu ki, bunlar birdən – birə gecənin içində bir çağırışla belə səfərbər olundular və hərəkətə keçdilər? Məncə, dövlət bu sualın cavabını axtarmalı, tapmalı və bu təhlükəli şəbəkənin mahiyyətini müəyyən etməlidir. Bunlar indi adi bir məsələdə FETÖ, etnik bölücülər və radikal müxalifətçilər olaraq belə ildırım sürətli səfərbərlik edə bilirlərsə, hansısa siyasi proseslərdə təhlükəyə səbəb olmayacaqlarını deyə bilmərik.

Sonda yenə də olaya qayıdırıq. Baş vermiş hadisə üzücüdür. Hüquq dışı bir görsənişdir. Heç kim bu ölkədə münasibətləri qol gücünə həll etməməlidir. Bunun üçün dövlət var, hüquq mühafizə orqanları var. Hətta qıcıq yaradan suallar varsa belə, onlar da hüquq müstəvisində araşdırılmalıdır. Ona görə də Rza Rzayev və Tural Mirzəliyev arasındakı yumruqlaşma media müstəvisində, kampaniyaçılıqla deyil, hüquq mühafizə müstəvisində dəyərləndirilməlidir. Bu olayda tərəflərdən hansının haqlı olduğuna gəlincə, suala istintaqın cavab verməsini gözləmək ən doğrusudur. Əksini iddia edənlərin məqsədi heç də xoş qarşılana bilməz.

Azər Həsrət

COP29

www.yenicag.az

2826
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv