Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı Rusiyada dörd fiziki şəxs və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Yenicag.az xəbər verir ki, yeni sanksiyalar Rusiyada söz azadlığının, məlumat əldə etmək və birləşmək hüququnun məhdudlaşdırılması məqsədilə istifadə olunan texnoloji nəzarət vasitələrini və onları hazırlayan şirkətləri hədəf alır.
Sanksiya siyahısına Rusiyanın “VK Company” (VKontakte) şirkəti və onun törəmə müəssisəsi olan “Communication Platform” daxil edilib. Aİ bu şirkətləri Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərən və “Max App” mobil tətbiqini hazırlayıb idarə etməkdə ittiham edir. Həmçinin internet və mobil rabitənin izlənməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə bağlı avadanlıq və proqram təminatı hazırlayan “Citadel”, “VAS Experts” və “Norsi-Trans” şirkətlərinə də sanksiyalar tətbiq olunub. Bundan əlavə, həmin şirkətlərdə rəhbər vəzifələr tutan dörd şəxs də sanksiya siyahısına salınıb.
Bununla Aİ-nin qlobal insan hüquqları sanksiyaları rejimi çərçivəsində siyahıya daxil edilən şəxslərin sayı 98-ə, hüquqi şəxslərin sayı isə 7-yə çatıb. Sanksiyalar aktivlərin dondurulmasını, Aİ vətəndaşları və şirkətləri tərəfindən onlara maliyyə vəsaitinin ayrılmasının qadağan edilməsini, həmçinin Aİ ərazisinə giriş və tranzit məhdudiyyətlərini nəzərdə tutur.













