“Azərbaycan özünə təhdid gördüyü mövqeləri vurub sıradan çıxarmalıdır, əgər erməni tərəfi Rusiya sülhməramlılarına güvənərək təxribatlarına davam etsə, hər şeyi gözə alıb həmin mövqeləri nəzarətimizə keçirməlidir”.
Bu sözləri dövlət sərhədi ilə yanaşı Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı bölgələrdən də atəşkəsin pozulmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmovun fikrincə, bundan sonra Azərbaycana qarşı təxribatların sayı artacaq:
“Soçi görüşündə Putin həm İlham Əliyevlə, həm də Paşinyanla təkbətək görüş keçirdi, sonra isə üçlükdə görüş keçirildi. Prezident İlham Əliyev bildirdi ki, Qarabağ problemi bitib, sülh müqaviləsi bağlanılmalıdır, sərhədləri tanımalıyıq. İlham Əliyevin bu sözləri birbaşa Rusiyaya mesaj idi. Dövlət sərhədi istiqamətində atəşkəs tez-tez pozulur. Qarşı tərəfin atəşkəsi pozması nəticəsində sentyabr ayının 12-dən 13-ə keçən gecə sərhəd toqquşması baş verdi. Erməni tərəfi çoxlu sayda itki verdi. Azərbaycan tərəfi də itki verdi.
Laçın dəhlizinə alternativ çəkilmiş yoldan sülhməramlılarınımüvəqqəti nəzarəti altındakı əraziyə minaların, silah-sursatın daşınması müşahidə olunub. Bu barədə rəsmi Bakı da mövqeyini ortaya qoydu. Bu, özbaşına baş vermir. Əraziyə və yollara ruslar nəzarət edir. Ümumiyyətlə Rusiya sülhməramlıları öz missiyasından başqa hər işlə məşğul olur. Bir baxırıq ev tikirlər, bir baxırıq abidə ucaldırlar, ermənilərə təlimlər keçirlər. Rusiya öz məsuliyyətini dərk etməlidir.
Zəfər Bayramında dövlət başçısı bəyan etdi ki, bəzi ünsürlərin Qarabağa gələrək aranı qatmaq istəyi mümkün olmayacaq. Bu tip açıqlamalar artıq tez-tez rəsmi Bakı tərəfindən dilə gətirilir. Bu da Rusiyanı qıcıq edir. Rusiya əmin-amanlıq istəmir, sülhün əleyhinədirlər. Rusiya Qafqazda gərginliyin olmasının həmişə tərəfdarıdır.
Dünən gecə sülhməramlıların müvəqqəti nəzarəti altındakı ərazilərdən atəşkəs pozulub. Bunu təsadüfi hal hesab etmək olmaz. Bu heç də yaxşı hal deyil. Əgər bu davam edərsə Azərbaycan dərhal sərt cavablar verməli olacaq. Bu dəfə Azərbaycan oranın Rusiya sülhməramlılarının nəzarəti altında olub-olmadığına baxmayacaq. Artıq bəyanatın imzalanmasından 2 il keçib. 2 il yarımdan sonra Ermənistan və Azərbaycan sülhməramlıların qalıb-qalmaması ilə bağlı qərar verməlidir. İlham Əliyev açıq şəkildə dedi ki, sülhməramlılar müvəqqətidir. Bu da Rusiyaya mesaj idi. Rusiya çalışacaq ki, atəşkəs tez-tez pozulsun. Bunu vaxtaşırı etməyə çalışacaqlar. Azərbaycan ordusu da buna cavab verməli olacaq. Hesab edirəm ki, atəşin açıldığı istiqaməti ya susdurmalı, ya da lokal antiterror əməliyyatı keçirməli olacağıq”.
Səxavət Məmməd