Xətai rayonu, yoxsa qanunsuz “tikinti bazarı”?: Rafiq Quliyev rayonu icazəsiz inşaat meydançasına çevirib - FOTO

media-hightechnic-468x90

Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi və Əlağa Şıxlınski küçələrinin kəsişməsində yerləşən obyektin qarşısında, heç bir rəsmi icazə olmadan dəmir konstruksiyalarla artırma işləri aparılır.

Yenicag.az xəbər verir ki, qanunsuz tikintiyə bayram və istirahət günlərində başlanılmasına baxmayaraq, işlər hələ də davam etməkdədir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24-cü maddəsinə əsasən, hər hansı tikinti və ya artırma işi yalnız müvafiq icra hakimiyyəti orqanının verdiyi icazə sənədi əsasında həyata keçirilə bilər. Sözügedən ərazidə isə heç bir məlumat lövhəsi və ya rəsmi icazə sənədi mövcud deyil.

Həmin Məcəllənin 76.1-ci maddəsində göstərilir ki, icazəsiz tikinti və artırma işləri qanunsuz hesab olunur və dərhal dayandırılmalıdır. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.10-cu maddəsinə görə, səkilər, yol kənarları və yaşayış massivləri ümumi istifadədə olan ərazilərdir; bu sahələrin hər hansı formada zəbt edilməsi qəti qadağandır. Obyektin qarşısında aparılan artırma piyadaların hərəkətinə ciddi maneə yaradır ki, bu da birbaşa qanun pozuntusudur.

Torpaq Məcəlləsinin 70-ci maddəsi torpaqlardan təyinatı üzrə istifadənin məcburi olduğunu təsbit edir. Ümumi istifadədə olan torpağın kommersiya məqsədilə zəbt edilməsi hüquqi müstəvidə yolverilməzdir.

Yenicag.az bildirir ki, Xətai rayonu, Nəsrəddin Tusi və Əlağa Şıxlınski küçələrinin kəsişməsində yerləşən obyektdə aparılan artırma ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi yoxdur. İddialara görə, bu qanunsuz tikintiyə şifahi “icazə”ni Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev verib. Məlumata görə, qanunsuz tikinti prosesini kənar gözlərdən gizlətmək üçün obyektin qarşısında bir neçə yük avtomobili dayandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü bəndinə və 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə əsasən, icra hakimiyyətləri rayon ərazisində müntəzəm olaraq monitorinqlər aparmalı, qanunsuz tikililərin qarşısını almaq üçün dərhal hüquqi tədbirlər görməlidirlər.

Mətndə adı çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa