Niyə fələstinliyə ağlamayan ərəb şeyxinə səs çıxartmayıb, bizi hədəf seçirsiniz? – Tamilla Qulami yazır
Baxıram, ölkə başçısı İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibəsində Qəzza ilə bağlı səsləndirdiyi fikirlər bəzi çevrələrdə, təəssüflər olsun ki, xüsusilə də qardaş Türkiyədə məlum cahil kəsim tərəfindən əsassız və emosional reaksiyalara səbəb olub.
Prezident açıq şəkildə bildirdi ki, Azərbaycanın hərbi qarşıdurma olan bölgələrdə dayanacaq əsgəri yoxdur və ölkəmiz başqa münaqişələrə qoşulmayacaq. Əliyevin bu mövqeyi beynəlxalq hüquqa, dövlət məsuliyyətinə və milli maraqlara tam da uyğun olaraq səsləndirilib.
Lakin üzücü olan hal budur ki, bəzi radikal və dini hisslərini siyasi alətə çevirənlər bu açıqlamanı təhrif edərək, Azərbaycanı hədəfə almağa çalışırlar. Amma elə Anadolu türklərinin ata sözünü istifadə edərək deyim ki, ateş olsanız, cürmü kadar yer yakarsınız…
Bu cür reaksiyaların əsas səbəbinin nə və niyə olduğunu gözəl bilirik. Təəssüflər olsun ki, artıq illərdir, qardaş Türkiyədə dini emosiyalar sağlam siyasi düşüncəni üstələyib.
Qəzza mövzusu təbii olaraq, hər bir müsəlmanı narahat edir. Ancaq dövlət idarəçiliyi duyğularla deyil, ağılla və məsuliyyətlə həyata keçirilir. Heç bir dövlət, o cümlədən Türkiyə belə, ordusunu hər emosional çağırışa görə xarici müharibəyə göndərmir. Maraqlıdır ki, Qəzza ilə bağlı hərbi müdaxilə etməyən onlarla müsəlman ölkə varkən, niyə Azərbaycanın üzərinə haqsız şəkildə yürüyürsünüz? Milyardları başından aşan ərəb şeyxləri, ərəb dövlətləri niyə Qəzzaya sizin kimi yanaşmır, sizin kimi qaraqışqırıq salmır? Bu, birbaşa onların millətinin başına gələn hadisədir, niyə onları qoyub, onların üzərinə getmir, bizi hədəf alırsınız? Cahilsiniz?
Azərbaycan və Türkiyə “bir millət, iki dövlət”dir. Bu münasibət qarşılıqlı sevgi, sayğı, anlayış üzərində qurulub. Qardaşlıq, bir-birini emosional basqı altına almaq yox, reallıqları anlamaq, gerçəkləri qəbul etməklə möhkəmlənir. Azərbaycanın dövlət mövqeyini hədəf almaq düşmən mövqenin dəyirmanına bəlkə də bilərəkdən su tökməkdir. Bunu edənlər birbaşa Türkiyəyə zərbə vurmuş olur.
Azərbaycan 200 illik uzaq, 30 illik yaxın işğal yaşamış, minlərlə şəhid vermiş, hələ də regionda tam sabitlik əldə etməmiş bir ölkədir. Sərhədlərimizdə real təhlükələrin mövcud olduğu halda ordunun başqa bir müharibəyə cəlb olunması dövlətin öz vətəndaşına qarşı məsuliyyətsizliyi sayılmazmı?
ƏSGƏR PAFOS ÜÇÜN, ŞÜAR ÜÇÜN DEYİL, VƏTƏNİ ÜÇÜN AYAQDADIR!
Bütün bunlar bir yana ee, o din adı altında səsləndirilən fikirlər, çağırışlar var aa, onun özü belə İslamın öz prinsipləri ilə də ziddiyyət təşkil edir. İslamda nizamsızlıq, fitnə və rəhbərin iradəsinə zidd şəkildə müharibəyə çağırış doğru hesab edilmir. Dövlət başçısının qərarı həm siyasi, həm də dini baxımdan legitimdir. Yəni ki, abilər, dövlət başçısının bu qərarı şəriətə də uyğundur. ;)
Maraqlıdır ki, bu çağırışları edənlər özlərinin Qəzza ilə bağlı hərbi müdaxiləyə getmədiyini görməzdən gəlir, amma məsuliyyəti başqasının – Azərbaycanın üzərinə yükləməyə çalışırlar. Niyə də, niyə? Qaraqışqırıq bəyanat kimə və nəyə yarayır əcəba? Mən bu yanaşmanı açıq-aşkar ikiüzlü yanaşma sayıram, inciməyin.
Azərbaycan dövlətinin Qəzzaya münasibətinə gəlincə. Adam vicdansız olmaz!
Azərbaycan heç vaxt Qəzza məsələsinə laqeyd olmayıb!
Birinci Qarabağ savaşında, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində Fələstinin açıq-aşkar şəkildə Ermənistana qardaşlıq edib, onu dəstəkləməsinə baxmayaraq, ölkəmiz tərəfindən Qəzzaya dəfələrlə humanitar yardımlar göndərilib, ölkə başçısı, siyasilər, xalq, Vətəndaş Cəmiyyəti nümayəndələri, QHT-lər, media mülki əhalinin həlak olmasını pisləyib, dövlət olaraq diplomatik mövqeyi açıq şəkildə ortaya qoyub, üstəlik də bu gün səfirliyin bütün maddi-mənəvi xərclərini öz üzərinə götürüb. Azərbaycan daha nə etməlidir?
Bizim etdiyimiz emosional vay-şüvən yox, real və faydalı dəstəkdir. Siz nə edirsiniz bəs?
Ey insanlar, dindən sui-istifadə edib, başqasının övladını müharibəyə çağırmaq nə iman göstəricisidir, nə də ədalət meyarı.
Bilmirsinizsə, baxın, öyrənin! Azərbaycan dövlətinin mövqeyi soyuqqanlı, məsuliyyətli və dövlətçilik prinsiplərinə əsaslanan mövqedir. Bu mövqeyi hədəf almaq yox, anlayışla qarşılamaq lazımdır. Çünki dövlət emosiyalarla deyil, ağılla idarə olunmalıdır.
Unutmayın ki, Türkiyəni həqiqətən sevən onu emosional avantüralara sürükləməz, Türkiyəni sevən, onu beynəlxalq təcridə, hərbi bataqlığa və məsuliyyətsiz addımlara çağırmaz! Türkiyəni sevən, onu ağıl, diplomatiya və strateji güc mövqeyində görmək istəyər. Sosial şəbəkələrdə şüarçılıqla Türkiyəni hədəfə aparanlar isə əslində bu ölkənin güclənməsini deyil, zəifləməsini arzulayırlar. Və məhz bu kontekstdə də təkrar edirəm, Azərbaycanı hədəf almaq, dolayısı ilə Türkiyəni də hədəfə almaq deməkdir. Çünki bu iki dövlətin təhlükəsizliyi, maraqları və regional baxışı bir-birindən ayrılmazdır. Azərbaycan əsgərini başqa müharibələrə sürükləməyə çağırmaq, sabah eyni məsuliyyətsizliyi Türkiyə üçün də normal hala gətirmək deməkdir. Hər iki dövlət Türk dünyası və İslam dünyası arasında körpüdür, bəli, amma bizim öncüllüyümüz milli kimliyimizdir, dövlət maraqlarımızdır! Ondan sonra gələnlərə də dövlət maraqlarımızdan yanaşmalıyıq…
Azərbaycan Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin hər dəfə bu istiqamətdə mövzu olanda səsləndirdiyi fikrini misal gətirirəm. Deyir ki, xalqlar haqqın, dövlət maraqların yanındadır.
Ona görə də, lütfən dövlət və xalq yanaşmalarını qarışdırmayaq.
Ədalət istəyirsiniz?
O zaman soruşuram:
– Türkiyə ordusu Qəzzaya girdimi? Pakistan, İndoneziya, Səudiyyə Ərəbistanı və digər ərəb liqası oraya əsgər göndərdimi?
Hə, unutmamış, bunu da deyim ki, dekabr ayının ortaları 2025-ci il – heç üstündən bir ay keçməyib aa – Türkmənistandan qayıdarkən onu müşayiət edən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, hazırda Türkiyə Respublikasının Qəzza sektoruna xarici sabitləşdirici qüvvələrin müzakirə olunan missiyasında iştirak etmək üçün hərbi kontingent göndərməsinə dair hər hansı müraciət daxil olmayıb.
Tamilla Qulami












