Azərbaycanda operatorların işini SÜNİ İNTELLEKT əlindən alacaq? – “İnnovasiyalar Mərkəzi”ndən milyonluq TENDER
“İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) çağrı mərkəzi xidmətlərinin avtomatlaşdırılması və süni intellekt əsaslı texnoloji həllərin tətbiqi ilə bağlı tender elan edib.
Yenicag.az xəbər verir ki, tender çərçivəsində süni intellekt əsaslı səsli agent, zənglərin süni intellekt vasitəsilə təhlili platforması və əlaqəli sistemlərin qurulması, habelə tətbiqi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur. Satınalmanın ehtimal olunan dəyəri 1.200.001 manat təşkil edir.
Tender sənədlərinə əsasən, layihə bir neçə mərhələni əhatə edəcək. İlkin mərhələdə biznes proseslərinin öyrənilməsi, mövcud zəng mərkəzi fəaliyyətinin təhlili, texniki tapşırıq sənədinin hazırlanması, sistem spesifikasiyasının formalaşdırılması, həmçinin inteqrasiya və informasiya təhlükəsizliyi tələblərinin müəyyənləşdirilməsi planlaşdırılır.
Növbəti mərhələdə Böyük Dil Modeli və Çıxarışa Əsaslanan Generasiya (LLM + RAG) texnologiyası üzərində qurulan süni intellekt əsaslı səsli agent sisteminin yaradılması və IP-telefoniya platformaları (Asterisk və ya 3CX) ilə inteqrasiyası nəzərdə tutulur. Sistem çərçivəsində səsin mətnə çevrilməsi, səs sintezi və zəng axınlarının idarə olunması funksiyaları tətbiq ediləcək.
Tender paketinə, həmçinin data, modellər və mənbə kodlarının miqrasiyası daxildir. Bu mərhələdə mövcud məlumat strukturlarının təhlili, bilik bazasının və modellərin ötürülməsi, modellərin öyrədilməsində istifadə edilən işarələnmiş datasetlərin (məlumat toplularının) və təlimatların təqdim olunması, eləcə də mənbə kodlarının təhvil verilməsi və sazlanması tələb olunur.
Layihə çərçivəsində qurulacaq sistemlərin monitorinqi və müşayiəti də nəzərdə tutulur. Buraya zənglərin avtomatik mətnə çevrilməsi (ASR), qısa xülasələrin çıxarılması, mövzu üzrə təsnifat, operatorların fəaliyyətinin avtomatlaşdırılmış qiymətləndirilməsi, zənglərdə adı çəkilən məhsul və qurumların siyahısının formalaşdırılması, problemlərin həlli səviyyəsinin təhlili və səs yazılarına çıxış imkanları daxildir.
Tender, həmçinin zənglərin süni intellekt əsaslı təhlili platformasının qurulmasını və mövcud sistemlərlə inteqrasiyasını əhatə edir.
Nəsimi Ələsgərli












