Biz ziyalılar siyasətlə məşğul olmaq istəmirik”
Demokratik Qüvvələrin Milli Şurasının fəxri sədri Rüstəm İbrahimbəyovun Azərbaycan ziyalıları ilə bağlı səsləndirdiyi son fikirlərə reaksiya verilib.
Bununla bağlı tanınmış yazıçı Seyran Səxavət açıqlamasında bildirib ki, R. İbrahimbəyovun fikirlərindən heç nə anlaya bilmir: “İctimai mühitdə birlik məsələsi ilə mən də razıyam. Lakin çıxış yolunu mən də bilmirəm. Ancaq birmənalı olaraq deyə bilərəm ki, biz ziyalılar siyasətlə məşğul olmaq istəmirik”. S. Səxavət deyib ki, ziyalılar, yazıçılar və ümumiyyətlə qələm əhli yazı-pozu ilə məşğul olmaq istəyir.
Yazıçı həmkarının “İctimaiyyət hökumətlə birləşməlidir, oturub bir yerdə bu məsələləri həll etməlidir, Azərbaycanın gələcək problemləri müzakirə olunmalıdır” fikirini isə belə cavablandırıb: “Bu məsələ mənlik deyil. Son dövrdə 2 mindən çox müsahibə vermişəm. Bütün məqamlara da həmin müsahibələrimdə dəfələrlə toxunmuşam. Bizim işimiz yazmaqdır. Onsuzda Azərbaycanda siyasətçi əlindən tərpənmək olmur. Qoy, onlar danışsın”.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri, hazırda Moskvada yaşayan Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında Azərbaycandakı ictimai-siyasi vəziyyətə toxunub: “Çox düşünsəm də çıxış yolu tapa bilmirəm. Bunu bilsəydim işimi atıb, ancaq siyasətlə məşğul olardım”. O, bunun üçün ziyalıları hökumətlə birləşməyə, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa səsləyib: “Azərbaycan ziyalıları öz mövqelərini bildirməlidirlər, real vəziyyəti çox ciddi təhlil etməlidirlər. Çalışmalıdırlar ki, problemlərdən çıxış yolu axtarılsın. Vəziyyət ağırdır, ictimaiyyət hökumətlə birləşməlidir, oturub bir yerdə bu məsələləri həll etməlidir, Azərbaycanın gələcək problemləri müzakirə olunmalıdır. Bu, vacibdir. Bu problemləri bir yerdə düşünmək lazımdır”(aznews.az).