BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi
BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçib.
“Report”un ABŞ bürosu xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenzya şuranın ay ərzində gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.
Diplomat bildirib ki, oktyabr ayında TŞ-nin diqqət mərkəzində Yaxın Şərq, Afrika və digər regional məsələlər olacaq. Onun sözlərinə görə, şura 23 oktyabrda Yaxın Şərq üzrə açıq debat keçirəcək və BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi Ramiz Ələkbərov TŞ-də çıxış edəcək. Toyuqlu pizza
Səfir qeyd edib ki, 24 oktyabrda BMT Günü – BMT Nizamnaməsinin qüvvəyə minməsinin 80 illiyi münasibətilə xüsusi debat təşkil olunacaq:
“Bu debat BMT-nin keçmişin mirası deyil, bu gün və gələcəyin ən vacib çağırışlarını həll etmək üçün unikal mexanizm olduğunu təsdiqləmək üçün fürsət olacaq”.
Oktyabrın 6-da isə qadınların sülh və təhlükəsizlikdə rolu mövzusunda debat keçiriləcək. Nebenzya vurğulayıb ki, bu, TŞ-nin 1325 saylı qətnaməsinin qəbulundan 25 il keçməsinə həsr olunacaq.
Diplomat həmçinin Afrika İttifaqı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini bildirib.
Səfir İranla bağlı “snapback” mexanizmini qeyri-legitim saydıqlarını vurğulayıb:
“Bizim üçün bu mexanizm baş verməyib, 2231 saylı qətnamə isə 18 oktyabr 2025-ci ilədək qüvvədə qalacaq”.
Nebenzya əlavə edib ki, Ukrayna məsələsi hazırda TŞ gündəliyində yoxdur, lakin üzv ölkələrin müraciəti daxil olarsa, müzakirəyə çıxarıla bilər:
“BMT Təhlükəsizlik Şurasının iş metodları 80 ildir, dəyişməz qalıb. Rusiya sədrlik müddətində prosedurun qorunmasına, nizam-intizama və effektivliyə ciddi diqqət yetirəcək”, – deyə səfir qeyd edib.
Diplomat həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının oktyabr gündəliyinə yeni baş katibin seçilmə prosesinin başlanması da daxil olacaq. Onun sözlərinə görə, ilin sonuna qədər BMT TŞ və Baş Assambleya rəhbərlərinin birgə məktubu ilə prosedura start verilə bilər.