Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BNA ilə DYP-nin sürücülərin başında çatlayan CƏRİMƏ SAVAŞI: Bu xaosun sonu olacaqmı? - Ekspert RƏYLƏRİ

Fərhad Eyyubov: “Həm Bakı Nəqliyyat Agentliyinin, həm də Dövlət Yol Polisinin cərimələrə subyektiv yanaşması insanlarda qıcıq yaradır”.

Aslan Əsədov: “Üzərinə düşən vəzifələri yerinə yetirə bilməyən qurumların fəaliyyətinə yenidən baxılması isə çox vacibdir”.

Əvvəllər Bakı şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş (Dayanma-durma qaydalarının pozulması) inzibati xətanı törətmiş şəxs yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) hallara Bakı Nəqliyyat Agentliyi (BNA) nəzarət edirdi.

Lakin bir neçə ay öncə qəbul olunan yeni qərara əsasən, yuxarıda qeyd olunan qaydaların pozulmasına görə cərimələrin tətbiqi və avtomobillərin evakuasiya edilməsinə artıq BNA ilə yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də nəzarət edəcək. Eyni funksiyanın iki fərqli dövlət qurumuna həvalə olunması təəccüb doğurmaqla yanaşı, sürücülər arasında ciddi çaşqınlıq yaradıb.

Adları çəkilən dövlət qurumlarının eyni funksiyanı həyata keçirmələrinə münasibət bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov Yenicag.az-a açıqlamasında bildirib ki, dayanma-durma qaydalarının pozulması və parklanma ilə bağlı vəziyyət yalnız ictimai nəzarət və ya ümumi cərimə sayəsində həll olunası problem deyil:

“Bu vəziyyətin aradan qaldırılması üçün idarəetmə düzgün təşkil olunmalıdır. Bir müddət öncə müəyyən istiqamətlər üzrə variantlar araşdırıldı, hətta Bakının mərkəzi hissələrində parklanmaya əlverişli ərazilərin təyin olunması üçün yolların dəqiq ölçülməsinə dair göstəriş verilmişdi.

Bununla yanaşı, parklanma üçün müəyyən cihazlar da quraşdırılmışdı. Bu cihazların bəziləri dağıldı, bəziləri isə nəzarətsiz qaldı. Yəni ölkəmizdə parklanma məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır.

Bütün hallarda dayanma-durma qaydalarının pozulmasına nəzarəti iki qurumun həyata keçirməsi qətiyyən doğru deyil. Hər iki qurum sanki daha çox cərimə yazmaq uğrunda mübarizə aparır. Halbuki sürücülərə əlverişli şərait yaradılmalıdır ki, parklanma zamanı problemlə üzləşməsinlər.

Sürücü 3-5 dəqiqə haradasa dayanan kimi gəlib, cərimə edirlər. Lakin bəzi qadağan olunan ərazilər də var ki, orada dayanan sürücüləri heç kim cərimələmir. Bu, nizamsız idarəetmənin nəticəsidir. Bakı Nəqliyyat Agentliyində kadr resursları məhdud olduğu üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir.

Bununla yanaşı, BNA-nın fəaliyyətinə ciddi yanaşılmır. Əvvəllər insanlar Dövlət Yol Polisi İdarəsindən çəkinirdilər. Hər iki qurumun cərimələrə subyektiv yanaşması insanlarda qıcıq yaradır.

Ölkə başçısı 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək məqsədilə sərəncam imzalayıb. Bu sərəncamda parklanma məsələsi öz əksini tapsa da, hələ ki bu məsələ ilə bağlı heç bir addım atılmayıb”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov isə hesab edir ki, sözügedən qurumların eyin funksiyanı icra etməsi məlum problemin aradan qalxmasına imkan verməyəcək:

“İnsanlarda qaydalara qarşı ümumi fikir formalaşana qədər iki qurumun birgə fəaliyyəti davam edəcək. Daha sonra isə o qurumların fəaliyyətinə yenidən baxıla bilər.

Ümumilikdə isə hər dövlət orqanında Çağrı Mərkəzləri olur. Əgər insanların hansısa qurumla bağlı şikayəti və narazılığı varsa, qurumun Çağrı Mərkəzi ilə əlaqə saxlamaq lazımdır. Dövlət qurumunun fəaliyyəti insanlar üçün əlçatan olmalıdır.

Bakı Nəqliyyat Agentliyi yeni qurum sayılır. Ümid edək ki, bu qurum öz fəaliyyətini zamanla daha da təkmilləşdirəcək. Üzərinə düşən vəzifələri yerinə yetirə bilməyən qurumların fəaliyyətinə yenidən baxılması isə çox vacibdir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1401
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100