Bölgədə daha bir KATAKLİZM – Pakistan və Hindistan müharibəyə DOĞRU GEDİR?
“Hindistanın sayca dünyanın beşinci ordusuna sahib olması, Pakistanın isə döyüş başlıqlarının sayına görə altıncı nüvə dövləti kimi tanınması baş verə biləcək müharibənin necə ağır nəticələrə səbəb ola biləcəyini ehtimal etməyə imkan verir”.
Bunu Yenicag.az-la söhbətində politoloq Rəşad Bayramov deyib.
Siyasi təhlilçi son günlər dünya gündəmini zəbt edən Hindistan və Pakistan arasında yaranmış gərginliyin növbəti fazaya keçəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.
Həmsöhbətimiz düşünür ki, hər iki tərəfin nüvə dövləti statusuna malik olması genişmiqyaslı müharibə üçün, əslində, çəkindirici faktor rolunu oynaya bilər:
“Yəni əvvəlki illərdə olduğu kimi, Hindistan tərəfindən Pakistanın nəzarətində olan və formal olaraq terrorçuların infrastrukturuna qarşı məhdud aviazərbələr endirilə, Pakistan isə buna cavab olaraq raket zərbələri ilə reaksiya verə bilər. Bu da qısa müddətli, bir neçə günlük lokal toqquşma ehtimalını gündəmə gətirir. Lakin iki ölkə arasında bu formada baş verə biləcək gərginlik regionda enerji təhlükəsizliyi və ticarət layihələrinin gələcəyini böyük sual altına qoyur. Eyni zamanda, belə bir münaqişə ABŞ, Çin və Rusiya kimi ölkələrin bölgəyə münasibətinə və strateji maraqlarına da birbaşa təsir göstərə bilər. Bu kontekstdə demək olar ki, indiki mərhələdə maksimum dərəcədə vasitəçilərin prosesə cəlb olunacağının şahidi olacağıq. Çinin Pakistanın, ABŞ-nin isə Hindistanın müttəfiqi olması da bu məsələdə supergüclərin öz mövqelərini ortaya qoyacağını deməyə əsas verir”.
R. Bayramov hesab edir ki, indiki şəraitdə müharibə ABŞ-nin maraqlarına uyğun deyil:
“Çünki dünya üzrə mövcud sülhü qorumağa və ümumiyyətlə, hərbi xərclərini azaltmağa çalışan ABŞ üçün yeni bir müharibənin başlanması əlverişli sayılmaz. Üstəlik, hələ də davam edən ABŞ-İran gərginliyi də nəzərə alınmalıdır. Pakistanın yalnız Çinlə deyil, NATO-nun ikinci böyük gücü olan Türkiyə ilə müttəfiq olması və eləcə də Böyük Britaniya ilə mövcud əlaqələri də əlavə etsək, demək olar ki, ABŞ bu müharibənin genişlənməməsi üçün bütün səylərini səfərbər edəcək”.
O, yekunda əlavə edib ki, Çin də öz növbəsində bu mərhələdə müharibəni tətikləyəcək mövqe sərgiləməyəcək:
“Ona görə ki, bu, dolayısı ilə ABŞ-nin maraqlarına xidmət edə və ABŞ Çinlə rəqabətdə Hindistandan bir proksi qüvvə kimi istifadə yolunu seçə bilər. Mənə elə gəlir ki, müxtəlif güclər tərəflər arasında gərgin münasibətləri yumşaltmaq üçün aktiv şəkildə hərəkətə keçəcəklər. Əks təqdirdə, bu gərginlik tammiqyaslı müharibəyə, açıq hərbi toqquşmalara çevrilə bilər ki, bu da nüvə silahından istifadəyə səbəb ola bilər. Bu isə bütün dünya üçün təhlükəli ssenaridir. Buna görə də vasitəçilərin proseslərə müdaxilə ehtimalı kifayət qədər yüksək görünür”.
Rafi Müslümov