"Bolt"da daha bir özbaşınalıq: Sürücü əlavə pul tələb etdi, sərnişini təhqir etdi - FOTO/ŞİKAYƏT
Jurnalist Məryəm Abdullazadə “Bolt” sürücüsü tərəfindən şiddətə məruz qaldığını iddia edib.
Gənc jurnalist xanım Yenicag.az-a etdiyi şikayətində “Bolt” taksi şirkətinin Xəyyam adında sürücüsü tərəfindən kobudluğa və psixoloji şiddətə məruz qaldığını bildirib:

“Taksi xidmətindən istifadə edərkən xoşagəlməz hadisə ilə qarşılaşdıq. Tətbiqdə gediş haqqı 5 manat 90 qəpik göstərilsə də, sürücü əlavə ödəniş tələb etdi. Davranışı son dərəcə kobud və ədəbsiz idi. Hətta vəziyyət bir qədər də gərginləşsəydi, fiziki şiddətə məruz qala biləcəyimizi düşündük. O, “pulunuz yoxdursa, minməyin, deyin də xanım” kimi ifadələr işlətdi və əlavə pul istədi. Bu, açıq şəkildə təzyiq və psixoloji şiddət idi. Halbuki tətbiqdən kənar ödəniş etmək kimi heç bir öhdəliyimiz yoxdur.”
M. Abdullazadə məsələ ilə bağlı müvafiq quruma şikayət ünvanladığını bildirib:
“Dəfələrlə bu mövzuda materiallar hazırlayan jurnalist kimi məsələni dərhal aidiyyəti quruma bildirdim. AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tövsiyə olunduğu kimi “141” qaynar xəttinə zəng etdim. Operator bildirdi ki, məsələ araşdırılacaq və 15–30 iş günü ərzində sürücü barədə görüləcək tədbirlər haqqında e-mail vasitəsilə mənə məlumat veriləcək. Ümumilikdə, “Bolt”da bu kimi hallar tez-tez başıma gəlir. Budəfəki isə həmin taksi xidmətinə qarşı inamımın itməsinə bilavasitə təsir elədi.”
Jurnalist məsələnin ictimailəşdirilməsinin səbəblərini başqalarının da eyni problemlə qarşılaşmasının qarşısını almaq məqsədi daşıdığını və özünə qarşı edilən kobudluğun cəzasız qalmaması olduğunu dilə gətirib.
Nurlan Cəfəri













