Boraltan üzərindəki pərdə qalxır: Aygün Attardan sənədli araşdırma

media-hightechnic-468x90

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attarın uzun müddətdir, üzərində çalışdığı “Boraltan faciəsi: Arxiv sənədləri işığında tarixi, hüquqi və siyasi bir araşdırma” adlı fundamental tədqiqat əsəri artıq tamamlanmaq üzrədir və yaxın günlərdə oxuculara təqdim ediləcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, Türkiyənin yaxın tarixində həm insani, həm hüquqi, həm də siyasi baxımdan dərin iz buraxmış Boraltan faciəsi uzun illər boyunca rəsmi səssizlik, senzura və siyasi qütbləşmələrin kölgəsində qalıb.

Bu səbəbdən hadisənin real miqyası zamanla əfsanələrə, ziddiyyətli rəqəmlərə və ideoloji yozumlara qarışaraq parçalanmış şəkildə cəmiyyətin yaddaşına həkk olunub.

Akademik tarix yazımında da mövzu əksər hallarda səthi yanaşmalarla kifayətlənib, arxiv sənədlərinə söykənən geniş və sistemli təhlilə olan ehtiyac isə yetərincə qarşılanmayıb.

Aygün Attarın yeni araşdırması məhz bu boşluğu doldurmağı qarşısına məqsəd qoyur. Müəllif Boraltan faciəsini emosional şüarlardan və siyasi polemikalardan kənara çıxararaq hadisəni birbaşa ilkin mənbələr və arxiv sənədləri əsasında bütünlüklə təhlil edir. Kitabda faciənin təkcə tarixi tərəfi deyil, eyni zamanda, onun hüquqi və siyasi nəticələri də geniş kontekstdə araşdırılır və hadisəyə dair formalaşmış bir çox qəlibləşmiş təsəvvürlər faktların işığında yenidən qiymətləndirilir.

Müəllifin yanaşmasının əsas fəlsəfəsi Mustafa Kamal Atatürkün məşhur fikrində ifadəsini tapır: “Tarix yazmaq tarix yaratmaq qədər mühümdür; yazan, yaradanına sadiq qalmazsa, dəyişməz həqiqət insanlığı çaşdıran bir mahiyyət alar”, Bu baxımdan, Aygün Attarın işi Boraltan faciəsinə dair təkcə yeni bir kitab deyil, həm də uzun illərdir yarımçıq qalmış tarixi hesablaşmanın sənədlər üzərindən aparılan ciddi cəhdi kimi dəyərləndirilir.

Aygün Attar bu araşdırmanın yalnız Boraltan faciəsinin tarixi tərəflərini deyil, eyni zamanda, hadisənin hüquqi və diplomatik nəticələrini də bütün çılpaqlığı ilə ortaya qoyduğunu bildirir. Onun sözlərinə görə, bu işin əsas fərqi Boraltanı emosional yanaşmalardan və siyasi miflərdən ayıraraq sənədlərin dili ilə danışdırmasıdır. Müəllif vurğulayır ki, məqsəd kimisə ittiham etmək deyil, tarix qarşısında məsuliyyət daşıyan bir dövlətin o dövrdə hansı şərtlər altında, hansı məcburiyyətlər içində qərar verdiyini bütün reallığı ilə ortaya qoymaqdır və bu araşdırma məhz bu baxımdan həm Türkiyə tarixçiliyi, həm də hüquq tarixi üçün mühüm bir boşluğu doldurur.

Gözləntilərə görə, bu araşdırma Boraltan faciəsi mövzusunu həm Türkiyə ictimaiyyətində, həm də elmi çevrələrdə yenidən, daha sağlam və faktlara söykənən müzakirə müstəvisinə çıxaracaq.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa