"Bravo"ya ödənilən pullar "Unibank" tətbiqindən niyə gizlədilir? - ŞİKAYƏT
Unibank müştərisi bank kartından əsassız vəsait çıxıldığını iddia edərək narazılıq edib
Yenicag.az xəbər verir ki, şikayətçi baş verən əməliyyatın bank tətbiqində əks olunmadığını, məsələ ilə bağlı nə bankdan, nə də ticarət obyektindən aydın izahat ala bilmədiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, tərəflər məsuliyyəti bir-birinin üzərinə atır. Müştəri bu vəziyyəti maliyyə pozuntusu kimi qiymətləndirir və hüquqi müstəvidə mübarizə aparacağını bildirir.

Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:
“Yanvarın 19-da ‘Bravo’ marketdə alış-veriş edərkən kartımdan pul çıxıldı. Lakin əməliyyat uğursuz olduğu üçün vəsait geri qaytarıldı. Daha sonra kartı yenidən terminala yaxınlaşdırdıq və ödəniş uğurla həyata keçirildi. Bu proses ‘Unibank’ tətbiqində də aydın şəkildə görünür. Lakin iki gün sonra, ayın 21-də, mən heç bir alış-veriş etmədiyim halda kartımdan ayın 19-da ‘Bravo’da xərclədiyim məbləğ qədər yenidən pul çıxıldı. Ən maraqlısı odur ki, bu əməliyyat tətbiqdə ümumiyyətlə əks olunmur.
Dəfələrlə ‘Unibank’a müraciət etdim, lakin konkret cavab ala bilmədim. ‘WhatsApp’ üzərindən yazışmalarda məsuliyyətin bankda olmadığı, pulu qarşı tərəfin – ‘Bravo’ marketin çəkdiyi bildirildi. ‘Bravo’ya müraciət etdikdə isə onlar vəsaitin artıq karta geri qaytarıldığını və bunun tətbiqdə göründüyünü əsas gətirdilər. Bank isə məndən qarşı tərəfin geri qaytarma ilə bağlı qəbz təqdim etməsini tələb edir.
Mən izah edə bilmirəm ki, əgər pul kartımdan çıxılıbsa, bu, tətbiqdə niyə görünmür? Heç bir sübut təqdim olunmadan eyni şablon cavablarla qarşılaşırıq. Hesab edirəm ki, bu yanaşma müştərinin aldadılmasıdır. Mən bu məsələni sonuna qədər izləyəcəyəm və məhkəməyə müraciət edəcəyəm”, – deyə o bildirib.
Yenicag.az












