“Brent” markalı neft ötən il 17% ucuzlaşıb
Ötən il “Brent” etalon markalı xam neftin orta qiyməti bir barel üçün 69 ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 17%-ə yaxın azalma deməkdir.
Bu barədə Yenicag.az ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən xəbər verir.
Məlumata görə, “Brent” markalı xam neftin orta aylıq qiyməti yanvar ayındakı 79 dollardan dekabrda 63 dollara düşüb ki, bu da 2021-ci ilin əvvəlindən bəri ən aşağı aylıq orta göstəricidir.
“İnflyasiya nəzərə alındıqdan sonra belə, illik orta qiymət barrel üçün 69 dollar olub ki, bu da 2020-ci ildən bəri ən aşağı göstəricidir”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, 2025-ci ildə qlobal təklif tələbi üstələdiyindən neftin qiyməti ümumiyyətlə aşağı düşüb. Çindəki neft ehtiyatlarının artması qiymətlərin azalmasını müəyyən qədər yumşaldıb.
“13 iyunda İsrailin İrana hücumları və Rusiya və Ukraynanın neft infrastrukturuna hücumları kimi hadisələr vaxtaşırı qiymətləri dəstəkləyib”, – məlumatda vurğulanır.












