Britaniya minlərlə dövlət qulluqçularını Londondan KÖÇÜRƏCƏK
Böyük Britaniya hökuməti minlərlə dövlət qulluqçusunun iş yerini Londondan ölkənin müxtəlif bölgələrinə köçürməyi planlaşdırır. Bu addım həm büdcə xərclərinə qənaət etməyə, həm də qərarların yerli icmalara daha yaxın qəbul olunmasına xidmət edəcək.
Yenicag.az BBC-yə istinadla xəbər verir ki, 2032-ci ilə qədər təxminən 12 min dövlət qulluqçusunun iş yeri Londondan çıxarılacaq və bu çərçivədə 11 hökumət ofisi bağlanacaq. Hər il bu yolla təqribən 94 milyon funt sterlinq qənaət ediləcəyi gözlənilir.
Yeni planlara əsasən, Mançester və Şotlandiyanın Aberdin şəhərində iki böyük hökumət kampusu yaradılacaq. Mançesterdəki kampus texnoloji innovasiyalara, Aberdindəki isə enerji sahəsinə fokuslanacaq. İş yerlərinin bir hissəsi də digər şəhərlərə köçürüləcək. Bu təşəbbüsün yerli iqtisadiyyata ciddi maliyyə töhfəsi verəcəyi bildirilir.
Hazırda hökumət qurumlarından əməkdaşların Londondan kənara köçürülməsi ilə bağlı təkliflərini təqdim etmələri xahiş edilib. Bu təşəbbüs Leyborist hökumətinin dövlət sektorunun ixtisarı və daha səmərəli idarəetmə məqsədilə həyata keçirdiyi islahatların bir hissəsidir. Hazırkı dövlət idarəetmə strukturu “şişirdilmiş” və səmərəsiz hesab olunur. 2016-cı ildən bəri Britaniyada dövlət qulluqçularının sayı xeyli artıb və 2024-cü ilin sonuna bu rəqəm 514 min nəfərə çatıb.
Xatırladaq ki, bu həftə Britaniya hökuməti həmçinin ölkənin miqrasiya sistemində radikal islahatlar elan edib. Aprel ayında isə Finlandiyada dövlət qulluqçuları kollektiv müqavilələrlə bağlı mübahisə çərçivəsində tətil keçirmişdi.