“ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası dövründə “iqtidara gələr-gəlməz Ukrayna müharibəsini bitirəcəyəm” ifadəsini səsləndirdikdən sonra Ukrayna ilə bağlı sürətli və diqqətçəkən hadisələr baş verir”.
Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Həsən Oktay deyib.
Analitik ABŞ və Ukrayna arasında yaranmış gərginlik fonunda Avropa İttifaqının Kiyevə dəstək siyasətinin pərdəarxası məqamlarına toxunub.
H. Oktay xatırladıb ki, əvvəlcə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri görüşdü:
“Eyni vaxtda Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə böyük bir zirvə keçirdi. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gəldi, sonra isə İrana səfər etdi. Bundan sonra İstanbulda ABŞ və Rusiya nümayəndələri bir araya gəldi. Daha sonra Zelenski Tramp ilə Ağ Evdə bütün mətbuat qarşısında görüş keçirdi, lakin burada ciddi bir gərginlik yaşandı və Tramp ilə Zelenski arasında mübahisə yarandı. Bundan sonra Zelenski Londona yollandı və orada Ukrayna zirvəsi təşkil edildi. Hazırda isə Brüsseldə növbəti mühüm toplantı keçirilir”.
Onun sözlərinə görə, ABŞ-nin əsas planı Ukrayna məsələsində Rusiyanı razı salmaq, Ukraynaya dəstək verməkdən imtina edərək, Rusiya ilə ittifaq qurmaq və bu əməkdaşlıq fonunda Çinə qarşı genişmiqyaslı bir əməliyyat keçirməkdir:
“Tramp isə beynəlxalq yardımları dayandıraraq, xüsusilə Avropa İttifaqına (Aİ) verilən hərbi dəstəyi geri çəkməklə ABŞ-nin büdcəsinə rahatlıq gətirmək istəyir. O, Ukrayna problemini, əsasən, Avropa İttifaqı ilə Rusiya arasında bir münaqişəyə çevirməyə çalışır. Bu kontekstdə Fransa prezidenti Emmanuel Makron da məsələyə müdaxilə edib və zərurət yaranacağı təqdirdə nüvə seçimini gündəmə gətirib. Buna cavab olaraq bəzi media qurumları Makronun adını “Mikro” kimi təqdim edərək, onun qarşıdakı seçkilərdə siyasi səhnədən silinə biləcəyini və Avropa adından danışmalı olmadığını bildiriblər. Hazırda Brüsseldə Avropa İttifaqı ABŞ olmadan bir müdafiə sistemi yarada biləcəyini və Ukrayna məsələsində Rusiyanı necə dayandıracağını müzakirə edir”.
Professor hesab edir ki, yaxın günlərdə Aİ generalları bir araya gələrək 1 trilyon dollara yaxın bir büdcə ilə müdafiə və hərbi sistemlərini quracaq və Rusiyaya qarşı Ukraynaya dəstəyi davam etdirəcəklər:
“Bu isə Tramp üçün mühüm bir strateji addımdır. Çünki o, bu yolla həm Rusiyanı razı salır, həm də ABŞ-nin Avropa İttifaqına yönəlmiş hərbi xərclərini azaldaraq Avropanı Rusiya ilə qarşı-qarşıya qoyur. Nəticədə, Tramp Avropa İttifaqlbl zəiflədərək Çinə qarşı geniş bir cəbhə qurmağı hədəfləyir. Bu məqamda Türkiyə kritik bir mövqedə dayanır. Çünki Ankaranın həm Rusiya ilə yaxın münasibətləri var, həm ABŞ ilə strateji müttəfiqliyi davam etdirir, həm də Avropa İttifaqının yaşadığı bu yeni vəziyyətdə Avropanın təhlükəsizliyi və müdafiəsi üçün əhəmiyyətli bir aktora çevrilir. Türkiyə bu fürsətdən istifadə edərək Avropa İttifaqına üzvlük məsələsində yeni imkanlar əldə edə bilər. Eyni zamanda, Ankara həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətləri balanslaşdıraraq, regional güc statusunu gücləndirmək və Türk Dövlətləri Təşkilatını daha aktiv hala gətirməklə türk dünyasını bu qlobal rəqabətdə ön plana çıxarmağa çalışır. Qarşıdakı dövrdə mümkün müharibə ssenariləri fonunda Türkiyə minimum itki ilə prosesdən çıxmağın yollarını axtaracaq”.
Rafi Müslümov
www.yenicag.az