“Bu, cəsarətin və uzaqgörənliyin qələbəsidir” – Pakistanlı analitik

media-hightechnic-468x90

“Azərbaycan Prezidenti İlham Əliyev hərbi qələbəni diplomatik uğura çevirməklə liderliyin simvolu olduğunu bir daha sübut etdi. Onun son Vaşinqton səfəri ABŞ-nin vasitəçiliyi ilə Ermənistanla əldə edilən tarixi sülh razılaşması ilə nəticələnərək, təkcə diplomatik ustalıq nümunəsi deyil, həm də bölgədə ümid və barışın rəmzinə çevrildi”.

Bunu Yenicag.az-a açıqlamasında pakistanlı ictimai-siyasi xadim Qaiser Nəvab deyib.

media-1731051385_1667906407_pakistan

O, avqustun 8-də Vaşinqtonda keçirilən Əliyev-Paşinyan-Tramp görüşü və rəsmi Bakının siyasi qələbəsini şərh edib.

Müsahibimiz xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi 7-8 avqust 2025-ci il tarixli səfəri tarixi hadisə kimi qiymətləndirərək, ABŞ ilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasını xüsusi vurğuladı:

“Sənədə əsasən, altı ay ərzində enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası hazırlanacaq. Prezident Donald Trampın uzun illər davam edən 907-ci düzəlişi ləğv etməsi isə yenilənmiş etimad və əməkdaşlığın güclü simvolu kimi dəyərləndirilir. Zirvə görüşünün ən mühüm nəticəsi sülh razılaşmasının əldə olunmasıdır. Nadir optimizm anında Azərbaycan və Ermənistan onilliklərdir davam edən münaqişəyə son qoymağa, tam diplomatik münasibətlər qurmağa və bir-birinin suverenliyinə hörmət etməyə razılaşıblar. ABŞ Prezidenti Donald Tramp isə bu uğuru bölgədə Soyuq müharibədən bəri davam edən ən uzunmüddətli donmuş münaqişənin həlli kimi xarakterizə edib”.

Onun sözlərinə görə, razılaşma Cənubi Qafqazdan keçəcək strateji tranzit dəhlizinə ABŞ-yə məxsus inkişaf hüquqları verir ki, bu da yeni ticarət yolları və regional əlaqələrin qurulmasına imkan yaradacaq:

“Eyni zamanda, ABŞ-Azərbaycan müdafiə əməkdaşlığına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb və bu, ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün zəmin yaradıb. Xarici İşlər Nazirliyinin mövqeyinə görə, üçtərəfli zirvə görüşü və sonrakı ortaq bəyanat normallaşma istiqamətində əhəmiyyətli irəliləyişə səbəb olub. Layihə şəklində sülh razılaşması imzalanıb, həmçinin ATƏT-in Minsk qrupu və əlaqədar qurumların fəaliyyətinin dayandırılması üçün birgə çağırış edilib. Razılaşmaya əsasən, Azərbaycan və Naxçıvan arasında mühüm dəhliz də daxil olmaqla, nəqliyyat və kommunikasiya xətləri açılacaq. ABŞ-nin təşəbbüsü ilə yaradılan “Beynəlxalq Sülh və Firavanlıq üçün Tramp Yolu” – TRIPP Cənubi Qafqazda yeni bir əlaqə dövrünü simvolizə edir”.

“Mən Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq diplomatik praqmatizm nümayiş etdirməsini yüksək qiymətləndirirəm. Bu, prinsipial diplomatiyanın gücünün göstəricisidir və Azərbaycan XİN-nin sözçüsünün dediyi kimi, bölgəmizə sabitlik, təhlükəsizlik və rifah gətirir. Bu proseslər Pakistanda da diqqətdən kənarda qalmadı. Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyev və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək, bu tarixi məqamda Pakistanın həmrəyliyini ifadə etdi. O, razılaşmanın Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün yeni səhifə açdığını, həmçinin münaqişələrlə üzləşən digər bölgələr üçün nümunə ola biləcəyini vurğulayıb”, – deyə o, söyləyib.

Analitik əmindir ki, “Business Recorder” nəşri isə Azərbaycan Prezidentinin uzaqgörən siyasətini yüksək qiymətləndirərək, köklü münaqişənin həllini tarixi dönüş nöqtəsi kimi dəyərləndirib və Qafqazın müharibə kölgəsindən çıxaraq sülh, ümid və regional inteqrasiya yoluna qədəm qoymasının vacibliyini qeyd edib:

“Davamlı İnkişaf üçün İpək Yolu İnstitutu və Pakistan-Azərbaycan Abadlıq Assosiasiyasının prezidenti kimi bu razılaşmanı monumental bir fürsət hesab edirəm. O, regional təhlükəsizliyi möhkəmləndirir, Cənubi Asiya, Qafqaz və daha geniş coğrafiyada yeni iqtisadi dəhlizlər və ticarət yolları açır. Uzun illər bir-birindən ayrı düşmüş icmalar qarşılıqlı hörmət və strateji vizyona əsaslanan əməkdaşlıq sayəsində indi rifah içində birləşə bilərlər”.

O, yekunda vurğulayıb ki, Prezident İlham Əliyevin bu prosesdəki rolu həm realizm, həm də ümid üzərində qurulmuş liderlik nümunəsidir:

“Yəni bu günün münaqişələrlə yüklü dünyasında nadir bir dəyərdir. Pakistan Azərbaycanın sadiq dostu olaraq, regional əlaqələrin möhkəmlənməsini və davamlı inkişaf təşəbbüslərini dəstəkləməyə hazırdır. Əminəm ki, Vaşinqtonda nümayiş etdirilən iradə sərhədləri və nəsilləri aşaraq öz təsirini göstərəcək. Daimi münaqişələrlə dolu bir dünyada Azərbaycan-Ermənistan sülh razılaşması sadəcə bir sənəd deyil, əksinə, bu, cəsarətin, dialoqun və uzaqgörənliyin qələbəsidir. Prezident İlham Əliyevin diplomatiyası hərbi qələbədən davamlı sülhə keçidin yüksək standartını müəyyənləşdirir. Bu, qeyd olunmalı, ümid doğuran və hamımız üçün əməkdaşlıq üzərində qurulan bir gələcəyə çağırış anıdır”.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa