Bu il 65 uşağa Polad, 11 uşağa Xudayar adı verilib
Bu il Azərbaycanda Polad və Xudayar adı verilən uşaqların sayı açıqlanıb.
Yenicag.az-ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 65 uşağa Polad, 11 uşağa Xudayar adı verilib. Son illər ölkəmizdə Polad və Xudayar adının uşaqlara verilməsi artıb.
Belə ki, ötən il yeni doğulan 140 körpəyə Polad adı verilib. 2023-cü ildə 153, 2022-ci ildə 196, 2021-ci ildə 306 uşağa Polad adı verilmişdisə, 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193 olub.
Bununla yanaşı, 2024-cü ildə 36, 2023-cü ildə 39, 2022-ci ildə 73, 2021-ci ildə 82 uşağa Xudayar adı verilib. 2020-ci ildə Xudayar adı verilən uşaqların sayı cəmi 3 nəfər idi.
Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu “Vətən yaxşıdır. ..” təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
Xatırladaq ki, ötən gün general-mayor Polad Həşimovun şəhid olmasından 5 il ötüb. Bu gün isə şəhid Xudayar Yusifzadənin doğum günüdür./unikal