Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq
Portuqaliyada yeniyetmələrin sosial media asılılığına qarşı inqilabi addım atılır. Ölkə parlamenti uşaqların internet təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan yeni qanun layihəsini ilkin mərhələdə təsdiqləyib.
Yenicag.az xəbər verir ki, iqtidardakı sağçı Sosial Demokrat Partiyasının (PSD) təşəbbüsü ilə hazırlanan sənəd artıq komissiyaya göndərilib.
Yeni qanun layihəsinə əsasən, Portuqaliyada 13 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açması və bu platformalardan istifadə etməsi qəti şəkildə qadağan olunur. 13-16 yaş aralığındakı yeniyetmələr üçün isə “icazəli dövr” başlayır. Onlar yalnız valideynlərinin və ya sinif rəhbərlərinin rəsmi razılığı olduqdan sonra sosial mediaya daxil ola biləcəklər.
Sistemin işləməsi üçün xüsusi yaş doğrulama mexanizmi yaradılacaq. Yeniyetmələr “rəqəmsal açar” vasitəsilə valideyn və ya müəllim icazəsini sistemə daxil etməli olacaqlar. Bu qaydaya əməl etməyən, uşaqların məlumatlarını qanunsuz toplayan və yaş filtrini keçməyə şərait yaradan texnologiya nəhəngləri ağır cəzalandırılacaq.
Qanun layihəsində sosial media platformalarına sahib olan şirkətlər üçün ciddi sanksiyalar nəzərdə tutulub. Qaydaları pozan və ya yetərli nəzarəti təmin etməyən şirkətləri 2 milyon avroya qədər pul cəzası gözləyir.
Qeyd edək ki, layihəyə həm iqtidar, həm də bəzi müxalif partiyalar dəstək verib. Sənədin yaxın vaxtlarda yekun səsverməyə çıxarılması gözlənilir.













