ABŞ-nin Ayova və Missuri ştatlarında, Almaniyanın Türingiya və Saksoniya vilayətlərində, Macarıstanın Haydu-Bihar inzibati ərazi vahidində və Çexiyanın Orta Çexiya diyarında yüksək patogen quş qripi xəstəliyinin yayılması səbəbindən qeyd olunan ölkələrdən Azərbaycana quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
Bu məhdudiyyətin daxili bazara təsirləri ilə bağlı iqtisadçı Eyyub Kərimli öz fikirlərini Yenicag.az-la bölüşüb.
Onun sözlərinə görə, quş əti və məhsullarının gətirilməsinə məhdudiyyət qoyulması qiymət artımına səbəb olmayacaq:
“Hər il ölkəyə quş əti idxal olunur. Ötən il ölkəyə 27 min tona yaxın quş əti gətirilib. Bunun əsas hissəsi Belarusiya, Ukrayna, Rusiya, Türkiyə və Braziliyanın payına düşüb. İdxal olunan quş ətinin çox az faizi ABŞ və Macarıstanın üzərinə düşüb. Hazırda qeyd olunan ölkələrdə baş verən karantin məsələləri ilə bağlı ölkəmizə quş ətinin gətirilməməsi problem yaratmayacaq və qiymətlərə təsir etməsi gözlənilmir.
Yaxşı olardı ki, Azərbaycanda quş ətinin istehsalına daha çox diqqət ayrılsın və inkişaf etdirilsin. Bu, yerli sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına mühüm təsir göstərə bilər.
Yerli istehsal quş ətinin qiymətinin ucuzlaşmasına da səbəb olar. Bu gün hər 1000 ton quş ətinin istehsalını həyata keçirmək üçün 600-700 adamın çalışmasına ehtiyac var. Əgər idxal olunan quş ətinin 50 faizini özümüz həyata keçirsək, ölkəmizdə 10-15 minə yaxın vətəndaş yeni iş yerləri ilə təmin olunacaq. Bu, vətəndaşların sosial rifahına da müsbət təsir edə bilər.
Xaricdən ölkəyə gətirilən quş ətinə müəyyən kvotaların qoyulması çox yaxşı olar. Ölkədə quş əti isthesalı ilə məşğul olan sahibkarlara güzəştli kreditlərin verilməsinə və müəyyən dövlət dəstəyinin həyata keçirilməsinə də ehtiyac var”.
Gülşən Şərif
www.yenicag.az