Bu qruplarda az bal toplayanlar da ödənişsiz təhsil alır

media-hightechnic-468x90

Bu il də minlərlə abituriyent ali məktəbə qəbul olunmaq məqsədilə buraxılış və qəbul imtahanlarında iştirak edib. 2-9 mart tarixlərində keçirilən buraxılış imtahanları ilə yanaşı, müxtəlif ixtisas qrupları üzrə birinci cəhd qəbul imtahanları da yekunlaşıb. Hazırda I, II, III və IV qruplar üzrə ikinci cəhd imtahanlarına hazırlıq mərhələsi davam edir.

Builki imtahan nəticələrində bütün ixtisas qrupları üzrə maksimum bal toplayan abituriyent qeydə alınmayıb. Keçən illə müqayisədə isə nəticələrdə ciddi fərq müşahidə olunmur. Bu onu göstərir ki, qəbul zamanı ixtisas seçimi mərhələsində də ötən illərdəki kimi rəqabət olacaq.

Hər il yüksək bal toplayan bəzi abituriyentlər düzgün ixtisas seçimi etmədiklərinə görə ya topladıqları baldan qat-qat aşağı ixtisaslara qəbul olunurlar, ya da yüksək balla ödənişli əsaslarla təhsil almağa məcbur qalırlar.

Modern.az 2024-cü ildə ali təhsil müəssisələrinə dövlət sifarişi və ödənişli təhsil üzrə qəbul olunan abituriyentlərin imtahan ballarının paylanmasını araşdırıb.

Dövlət İmtahan Mərkəzinin hesabatından əldə etdiyimiz məlumata görə, I qrupda 600-700 bal toplayanların 78,82 faizi dövlət sifarişli, 21,18 faizi isə ödənişli əsaslarda təhsil alır. 500-600 bal toplayanlar arasında isə dövlət sifarişli yerlərdə oxuyanlar daha çoxdur. Belə ki, ixtisas seçimində bu göstəriciyə sahib abituryentlərin 96,46 faizinin təhsill haqqı dövlət hesabına ödənilir. 2024-cü il göstəricilərinə görə, bu qrupu seçən abituryentlər 500-dən az bal topladıqda belə, böyük hissəsi dövlət hesabına təhsil alır. Belə ki, birinci qrupda 77,44 faiz tələbə adını qazananlar pulsuz, 22,56 faiz tələbə isə pullu təhsil alıb.

II qrupda da 500-600 bal toplayaraq övlət sifarişli əsaslarla universitetə daxil olanlar da 600 baladək nəticə göstərənlərdən daha çox olub. Ümumilikdə 600–700 bal toplayanların 82,14 faizi ödənişsiz oxuduğu halda, 500-600 bal toplayanlar arasında bu göstərici 93,70 faizdir. II qrupda 500-dən az bal toplayanların yarıdan çoxu isə ödənişli əsaslarda oxuyur. Bu abituriyentlərin 35,58 faizi dövlət sifarişli oxuduğu halda, 64,42 faizi ödənişli əsaslarda təhsil alır.

III qrupda isə vəziyyət bir qədər fərqlidir. Ballara görə ödənişli və dövlət hesabına oxuyanlar arasında ciddi fərqlər müşahidə olunur. 2024-cü ildə 600-700 bal toplayanlar arasında 98,75 faiz tələbə adını qazananların təhsil haqları dövlət tərəfindən ödənilib, 500-600 bal toplayanlarda isə bu göstərici 77,79 faiz olub. III qrupda 500-dən az bal toplayanların böyük hissəsi – 84,85 faizi isə ödənişli əsaslarda təhsil alır, onların sadəcə 15,15 faizi dövlət hesabına ayrılmış boş yerlərə düşə bilib.

IV qrupda isə bütün ballar üzrə dövlət sifarişli yerlərdə oxuyanların sayı daha çoxdur. Statistika göstərir ki, 600-dən yüksək bal toplayanların 99,67 faizi dövlət hesabına ayrılan yerlərdə təhsil alır. Bu göstərici 500 – 600 bal toplayanlar arasında 91,01 faiz, 500 dən az bal toplayanlar arasında isə 62,74 faiz təşkil edir.

Qeyd edək ki, qruplar üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar bu hesabatda göstərilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600