Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bu tarixi unutmamalıyıq" - Elnur Allahverdiyev

Tarixi şəxsiyyətlər yazır və onu xalqın yaddaşına həkk edir. Onların ürəkləri xalqla döyünür, Vətən və dövlətçilik sevgisini bütün mənafelərdən üstün tuturlar. Ümummilli lider Heydər Əliyev kimi… 1993-cü ildə xalqın çağırışı ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev bunu bir daha sübut etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev söyləyib.

Deputat deyib: “Xalqımız 15 iyun – Milli Qurtuluş Gününü qeyd edir. Bu tarixin rəsmi bayram kimi qeyd edilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü il iyunun 4-də ölkədə qiyam qalxmış, qarşıdurma yaranmışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərdə – Heydər Əliyevdə gördü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin taleyinə biganə qalmayan böyük siyasətçi Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya dönərək ölkədə yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir təhlükədən çəkinməyərək qanunsuz silahlı qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra – iyunun 15-də isə Ulu Öndər xalqın istəyini nəzərə alaraq Ali Sovetin Sədri vəzifəsinə seçilməyə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu”.

Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi edilməsi bundan da çətindir” fikrini xatırladan E.Allahverdiyev diqqətə çatdırıb ki, müstəqillik illərində Azərbaycanın yaşadığı real həyatın təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya yalnız Heydər Əliyev kimi möhkəm iradəli, geniş dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi. XX yüz ilin 90-cı illəri kimi mürəkkəb dövrdə Azərbaycanda bu ağır, taleyüklü işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.

Onun sözlərinə görə, Azərbaycan Respublikasına rəhbərliyi dövründə Heydər Əliyev nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirdi, bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoydu. Eyni zamanda, ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram uğrunda birləşdirən milli ideologiyanı – azərbaycançılıq məfkurəsini yaratdı. Müstəqilliyin ilk illərində, xüsusən 1991-1994-cü illərin təhlükəli vətəndaş qarşıdurması və ictimai-siyasi böhran dövründə Heydər Əliyev “azərbaycançılıq ideyasını” daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və deyirdi: “Hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkə vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi faydanı əvvəlcədən anlayır və öz zəhmətinin bəhrəsini ədalət prinsipi ilə əldə edirsə, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar”.

“Prezident İlham Əliyevin müasir dövlət idarəçiliyi fəlsəfəsi modern Azərbaycanda Ulu Öndərin əziz xatirəsinə ən böyük töhfədir. Xalqımız müasir və müstəqil respublikamızın gələcəyi və dövlətçiliyimizin inkişafı naminə bundan sonra da Azərbaycan Prezidentinin ətrafında sıx birləşəcək. Hər birimiz bu tarixi unutmamalı, azadlığımızı və müstəqilliyimizi qorumalıyıq”, – deyə Elnur Allahverdiyev bildirib.

www.yenicag.az

476