Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu tarixin canlı şahidi olmaq bizə çox böyük şərəfdir – Ceyran Cabbarova yazır

Azərbaycanın zaman-zaman torpaq itkilərinə, humanitar fəlakətə və böyük dağıntılara məruz qalması xeyli dərəcədə böyük dövlətlərin yaşadığımız Qafqaz regionu uğrunda mübarizəsinin bilavasitə və dolayı nəticəsidir. Eyni zamanda yüz ildən artıqdır ki, bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilər Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyasını yürütməyə çalışırlar. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsinə, Qafqazda ermənilərin sayının süni surətdə artırılmasına, regionun etnik mənzərəsinin dəyişdirilməsinə və “erməni məsələsinin” qızışdırılmasına başlanılmışdır. Həmin siyasət Sovet Hakimiyyəti illərində də ermənilərə həm yeni ərazilərin verilməsi, həm də azərbaycanlıların öz ata-baba torpaqlarından çıxarılması formasında davam etdirilmişdir.

Nəticədə, əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən ərazisi cəmi 9,8 min km2 təşkil edirdisə, sonradan müxtəlif üsullarla Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına onun ərazisi üç dəfə artırılaraq 30 min km2-ə çatdırılmışdır. Bundan sonra azərbaycanlıların 1948 – 1953-cü illərdə Ermənistandan çıxarılması və 1988-ci ildə isə kütləvi qırğınlarla müşayiət olunan qovulma prosesi başlanmışdır. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, öz ata-baba torpaqlarından qovulan azərbaycanlılar həm çoxsaylı insan, həm də böyük maddi, əmlak və maliyyə itkilərinə məruz qalmışdır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər Azərbaycan üçün hər şeydən əvvəl böyük insan itkiləri və iztirabları ilə müşayət olunan humanitar fəlakət səviyyəsində ciddi problemlər yaratmışdır. Təcavüz nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 100 min nəfər yaralanmış, 50 mindən çox adam əlil olmuş, 5 minə yaxın insan isə əsir və itkin düşmüşdür. Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmişdir.

Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana ciddi maddi ziyan dəymışdir. Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti təcavüzün qurbanı olmuşdur. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdir. İşğalçılar tərəfindən 220 min baş iribuynuzlu mal-qara aparılmışdır. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir. Hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olmuşdur.

İşğal olunmuş ərazilərdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıtmış, Ermənistana daşımış, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar.

Artıq beynəlxalq səviyyəli mötəbər sənədlərdə və hesabatlarda acıqca göstərilir ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərindən narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edir. Bu o deməkdir ki, narkotik maddələrin dövriyyəsindən əldə edilən pullar Azərbaycana qarşı yönəldilmiş təcavüzkar separatizmin maliyyələşdirilməsində mühüm rol oynayır.

Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində vurulan ziyanın və təhlükələrin miqyaslarının nə qədər böyük olduğunu əyani şəkildə nümayiş etdirir. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiş və ölkəyə 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Oğurlanmış və məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün deyildir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Beynəlxalq hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə dair bir sıra beynəlxalq aktlar mövcuddur. Xocalı şəhərində törədilmiş dəhşətli cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəlir. Lakin bunların heç biri erməni işğalçılarına tətbiq edilmədiyindən cəzasızlıq şəraiti onları Azərbaycan ərazisində cinayətkar fəaliyyətini genişləndirməyə sövq etdirir.

Bu özünü Azərbaycan ərazilərinin işğalı ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindəki çatışmazlıqlar və işğalın nəticələrinin aradan qaldırılmasının reallaşma mexanizminin olmamasında daha aydın göstərir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Bu işğalçılıq siyasətinin bariz nümunəsi 27 sentyabrda erməni işğalçılarının Azərbaycana növbəti təxribatı oldu. Səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Mülki əhalini deyil, yalnız hərbi obyektləri hədəfə alan şanlı Azərbaycan ordusu bu gün dünyaya müharibə dərsi keçir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır, vaxtilə adları dəyişdirilmiş yaşayış məntəqələri öz tarixi adlarına qovuşur. Bu hər birimizi qürurlandırır. Cənab Ali BaşKomandan İlham Əliyev və müzəffər Azərbaycan Ordusu tarix yazır. Bu tarixin  canlı şahidi olmaq bizə çox böyük şərəfdir. Biz ölkəmizin ərazi bütövlüyünün  və tarixi ədalətin bərpa olunması üçün mübarizə aparırıq. Bizim yolumuz haqq yoludur, bizim işimiz haqq işidir. Biz ZƏFƏR çalacağıq!!!

Ceyran Cabbarova

Abşeron rayon qeydiyyat şöbəsinin rəisi 

 

 

www.yenicag.az

2131