Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu torpaq sizi qəbul etməyəcək…

Azər HƏSRƏT, [email protected]

Ən ağır cəza təcrid etməkdir. Bir insanı cəmiyyətdən, yaxınlarından təcrid edin, əriyib itəcək, məhv olacaq. Həyat o insan üçün bitəcək. Düzdür, ilk dönəmlərdə o, bunun fərqində olan deyil. Amma zamanla özündən də xəbərsiz tənha qaldığını, insanların – yaxınlarının onu artıq yaddaşlarından sildiklərini anlayacaq, qüssəyə boğulacaq və hətta ölmək hesabına olsa belə onların yanına qayıtmaq istəyəcək. Lakin onda da gec olacaq…

Hələ yüz il öncə böyük yazıçı Maksim Qorki “İzergil qarı” əsərində Larra obrazını yaratmaqla insanlara anlatmağa çalışmışdı ki, ən böyük cəza cəmiyyətdən təcrid olunmaqdır. İnsan nə qədər yersiz qürura – öz eqosuna əsir düşərsə, cəmiyyət də onu bir o qədər özündən uzaq tutar, sıxışdırıb yoxluğa qərq edər.

Qorkinin Larrası belə biri idi. Qürurlu idi, iddialı idi. Böyük-kiçik bilmirdi, özünü icmanın ağsaqqallarına tay sanırdı. Ağsaqqallar isə ona mədəni bir dildə izah etməyə çalışırdı ki, belə olmaz. Yüzillərdir oturuşmuş, ümumi qəbul edilən qaydaları heç kim pozmamalıdır. Larra belə sözləri – göstərişləri anlamırdı, anlamaq istəmirdi. Öz bildiyini edirdi. Hətta onun zorakı eşqinə rədd cavabı verən bir qızı insanların gözü qarşısında yerə yıxıb öldürməkdən də çəkinməmişdi. Bunu da çox soyuqqanlılıqla etmişdi.

Larranın bu əməlinin qarşılığı icma böyükləri tərəfindən ölüm cəzası kimi görülürdü. Amma anladılar ki, bu duyğusuz varlığı öldürmək onun üçün cəza olan deyil. Nəsə başqa bir cəza fikirləşmək lazım idi.

Fikirləşdilər də, tapdılar da. Onu heç bir cəza vermədən azadlığa buraxdılar…

Bəzən ən ağır cəza elə azadlıq olur…

Larra bundan sonra tək yaşamağa, öz vəhşi yaşamını davam etdirməyə başladı.

Vəhşi kimi davranırdı. Oğurluq edirdi, insanları saymırdı. Bu da bir yerə qədər davam etdi və hesab günü gəlib yetişdi.

Larranın ölüm anı çatmışdı. Amma ölə bilmirdi. Ölüm də ondan üz döndərmişdi. Nicat yox idi. Yaşamaq imkansızdı, ölümsə yaxın belə gəlmək istəmirdi.

Çıxış yolu aradı, ağlına gəldi ki, insanların yanına dönmək lazımdır. Belə olarsa ölüm onu çox gözlətməz.

İnsanların içinə dönən Larra burda həyatının ən böyük təəssüfünü yaşamalı oldu. O, hücum edib qarşısındakılara xəsər yetirməklə onları özünə hücuma təhrik etdisə də bir şey alınmadı. Onun bu hücumları qarşılıqsız qaldı, heç kimdən cavab ala bilmədi. Hamı ondan yayındı, qaçdı, onu vurmadı, öldürmədi.

Yerdən bir daş götürüb insanlara hücum etdi. Bu da işə yaramadı. Kiminsə yerə saldığı bıçağı götürüb öz köksünə saplamaq istədi. Bıçaq daşa çırpılmış kimi sındı…

Bundan sonra Larra başını torpağa döyməyə başladı. Torpaq başının altından qaçdı…

– O, ölə bilmir! – sevinclə dedi insanlar.

“Onu tək qoyub getdilər. O, üzüyuxarı uzanaraq göyün ənginliklərində qara nöqtələr kimi görünən möhtəşəm qartalların süzdüyünü gördü. Onun gözlərində o qədər qüssə vardı ki, həmin qüssəylə dünyanın bütün insanlarını zəhərləmək olardı. Beləcə, o vaxtdan tək qaldı – azad, özü də ölümü gözləməklə. O, elə harda gəldi gəzir, gəzir. Bax, o, kölgəyə çevrilib və əbədi belə qalacaq! O, insanların dilini, davranışlaırnı – heç nəyi anlamır. Yalnız axtarır, gəzir, gəzir… Onun üçün həyat yoxdur, ölüm də üzünə gülmür. İnsanların arasında da yeri yoxdur… Bax, öz məğrurluğuna görə, insan belə cəzalandırılmışdı!”

Bütün bunları bəzi adamlara ibrət olsun deyə örnək kimi yazdım mən Azər Həsrət. Sözüm Avropada, Amerikada oturub “orduxanlıq” edənlərədir. Nə qədər ki, gec deyil, əl çəkin bu yersiz iddialarınızdan. Gün gələcək, ölmək üçün bu yurda dönmək istəyəcəksiniz. Onda bu müqəddəs yurdun nə insanları, nə də torpağı sizi qəbul edən deyil. Diriykən bu millətə, bu yurda bir faydanız toxunmursa, ölünüz də bu torpaqdan nicat tapa bilməyəcək. Gec deyil, ibrət alın, heç olmasa sabahınızı xilas edin…

www.yenicag.az

578
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS