“Onlar Azərbaycan türkcəsinin imkan verdiyi çərçivədə bu şüarı seçiblərsə, nə deyə bilərik?”.
Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevin bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri təyin etməsindən sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri sosial şəbəkələrdə ilkin seçki şüarlarını paylaşıblar.
YAP-ın üzv və təəssübkeşlərinin paylaşdıqları şüarda prezident İlham Əliyevin portretinin fonunda “Hədəf bəlli, namizəd bəlli! Yeni uğurlara və qələbələrə doğru!” şüarı yerləşdirilib.
Lakin qeyd olunmalıdır ki, bu şüardan neçə il əvvəl, həm də YAP-ın siyasi rəqibləri tərəfindən artıq istifadə olunub.
Konkfret desək, Azərbaycan Xalq Cəbhəsinin (AXC) hələ partiyalaşmadığı dövrdə cəbhəçilər təşkilatın avanqard mövqeyini “Təşkilat bəlli, Hədəf bəlli, Lider bəlli” formasında cəmiyyətə təqdim edirdilər. O baxımdan, YAP-çıların bənzər şüara əl atmaları maraqlı görünür.
Lakin bu barədə Yenicag.az-a danışan sabiq baş nazir Pənah Hüseyn danışılan məsələnin şişirdilməsinə ehtiyac görmür:
“Bəli, Xalq Cəbhhəsinin fəaliyyəti dövründə bu şüardan istifadə edilib və yetərincə effektli alınıb.
İndi YAP tərəfdarları da həmin şüardan yararlanmağı lazım biliblərsə, bu məsələni şişirtməyə və hakimiyyətdəki partiyanı qınamağa dəyməz.
Hər halda, Azərbaycan türkcəsinin imkan verdiyi çərçivədə bu şüarı seçiblərsə, nə deyə bilərik? Əsas məsələ şüar seçmək yox, ölkədə real seçki mühitinin yaradılmasına nail olmaqdır”.
A. Zeynalov
www.yenicag.az