“Heydər Əliyev İli”nin elan olunması ilə azərbaycançılıq ideologiyasına daha da çox diqqət ayrılacaq”.
Bu fikirləri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının təbliği istiqamətində atılan addımları şərh edən politoloq Kamran Məmmədli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, azərbaycançılıq ideologiyasının bünövrəsi milli və mənəvi dəyərlərimizə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini və dəyərlərini mühafizə etməkdir:
“Hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab edərək fəxr edir və onu təkmilləşdirmək üçün fəaliyyət göstərir. Ölkəmizdə bu yöndə ciddi addımlar atılmaqdadır. 1993-cü ildən etibarən Azərbaycan ədəbiyyatında, musiqisində, filmlərində və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən çoxsaylı əsərlər meydana gəlib. Hətta Azərbaycandan kənarda, bir çox müxtəlif xarici ölkələrdə də milli adət-ənənələrimizi əks etdirən eksponatlara, ölkəmiz haqqında xarici dillərdə nəşr edilmiş müxtəlif kitablara, rəsm əsərlərinə və milli mətbəximizin nümunələrinə rast gəlmək mümkündür. Bu isə çox önəmli addımlardır. Çünki böyük dövlətləri həqiqi dövlət edən məhz onların tarixi, dəyərləri və ideologiyasıdır.
Çox təəssüf ki, ölkəmizdə milli ideoloji dəyərlərimizə xaricdən müəyyən təsirlər göstərilməkdədir. Əlbəttə ki, müəyyən təbliğat vasitələri və xaricdən ayrılan qrantlarla milli kimliyimizi, dəyərlərimizi unutdurmaq istəyənlər buna nail ola bilməyəcəklər.
Həmin qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsində də bu cür xainlər ortaya atılaraq sülh göyərçini rolunda Vətən və torpaq anlayışımıza qarşı çıxmaq, bizim haqlı savaşımıza qarşı “No war” təbliğatı aparmaq istəsələr də, onların bütün təbliğatı iflasa uğradı. Bu, ölkəmizdə aparılan azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğinin uğurlu nəticələrindən biridir.
Bu gün Azərbaycanda bir çox millətlərin, xaqların insanları qardaşlıq şəraitində yaşayırlar. Azərbaycanda bu həmrəyliyin, sabitliyin olması məhz azərbaycançılıq ideologiyasına dayanır. Hesab edirəm ki, 2023-cü ildə Azərbaycan Respublikasında “Heydər Əliyev İli”nin elan olunması ilə azərbaycançılıq ideologiyasına daha da çox diqqət ayrılacaq. Çünki düşmən və xarici qüvvələr informasiya müharibəsində bu yöndən çox çalışırlar. Bizim milli kimliyimizi, dəyərlərimizi unutduraraq ölkəmizi, ilk öncə beyinlərdə işğal etmək istəyirlər. Bu yöndən hesab edirəm ki, tədbirlərimizi daha da gücləndirərək təbliğatımızı artırmalıyıq”.
Gülşən Şərif
www.yenicag.az