Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında dövlət idarəetmə orqanlarında ciddi struktur və kadr islahatları gözlənildiyinin anonsunu vermişdi.
Dünən prezidentin fərmanı ilə 7 qurum ləğv edilib.
Ümumiyyətlə, artıq xeyli vaxt idi ki, bəzi qurumların ləğv ediləcəyi, bir neçə nazirin isə postunu itirəcəyinə dair iddialar var idi.
Mütəxəssislər daha bir neçə qurumun ləğv ediləcəyini və büdcədən maliyyələşən qurumlarda kiçildilməyə gediləcəyini bildirirlər.
Prezidentin son fərmanı və gələcəkdə gözlənilən islahatlar, ümumiyyətlə ölkədəki durumla bağlı ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlama verib.
Sərdar Cəlaloğlu bildirib ki, Beynəlxalq Bankın hesabatına görə, Azərbaycan 2019-cu ildə Gürcüstandan, 2020-ci ildə Ermənistandan iqtisadi cəhətdən geri qalacaq:
“Azərbaycan regionda ən kasıb ölkələrdən biri olacaq. Digər bir hesabata görə isə Azərbaycan iqtisadi imkanlarına görə keçmiş SSRİ respublikaları içərisində Qırğızıstanla bir sıradadır”.
Qurumların ləğvi barədə danışan ADP sədri qeyd edib ki, Azərbaycanda çox ciddi iqtisadi böhran ola bilər:
“Neft erası zamanı hökumət süni sürətdə idarəetməni şişirtmişdi. Çoxlu nazirliklər, komitələr, agentliklər yaradılmışdı. Bunu etməkdə iki məqsəd var idi: birincisi, korrupsiyanı həyata keçirmək, digəri isə mümkün qədər daha çox adamı uydurma işlərlə təmin etmək. Hazırda dövlət büdcəsi zəifləməyə başlayıb. Hökumət bir tərəfdən vergiləri, cərimələri artırmaqla bu problemi həll etməyə çalışır, digər tərəfdən idarəetmədə ixtisarlara – şişirdilmiş qurumları ləğv eləməyə başlayıb. Hökumət rellıqla barışmağa başlayır. Bundan əvvəl nazirliklərin mühafizə qurumları var idi, hətta bəzi nazirlər ordu saxlayırdı. İndi onlar da ixtisara düşüb. Hökumət büdcənin verdiyi imkanlar daxilində vəziyyəti tənzimləmək istəyir”.
Bəzi nazirlərin istefaya göndəriləcəyi iddiasına gəldikdə isə Sərdar Cəlaloğlu bildirib ki, bütün nazirlər istefaya göndərilməlidir:
“Dövlət ənənəsinə uyğun Azərbaycanda nazir yoxdur. Elə nazir var ki, 20 ildən çoxdur bir postu tutur. Bu da nazirlikdə ailə sisteminin yaranmasına gətirib çıxarır. Bu baxımdan kadrlar mütləq dəyişdirilməlidir. Dəyişilmə həyatın tələblərindən biridir. İqtidar istəyərək yox, məcburən bu islahatlara gedəcək. Artıq dövlət büdcəsində o qədər vəsait yoxdur ki, süni qurumlar saxlanılsın”.
Bu ildən xarici borcların da qaytarılmalı olduğunu deyən ADP sədri qeyd edib ki, həmin borclar dövlət büdcəsinin təxminən 3-də 1-i edir:
“Dövlət büdcəsi əvvəlki illərdən 3-4 dəfə kiçilib. Azərbaycan əhalisinin həyat səviyyəsi isə əvvəlki illərdən 6-7 dəfə aşağı düşüb və düşməkdə də davam edəcək. Hökumət istehsal sahəsi yaratmaq, zavod, fabrik yaratmaq, camaata iş vermək əvəzinə cərimələri, vergiləri artırmaq yolu tutub. Bundan əlavə, qurumları ləğv etməklə məşğuldur. Bu isə çıxış yolu deyil”.
Səxavət Məmməd
www.yenicag.az